Fox News xəbər agentliyinin verdiyi məlumata əsasən son zamanlar İranda xristianlığa meyllər güclənir. İnsan haqlarının müdafiəsi qrupları bir milyona yaxın insanın gizli şəkildə bu dinə ibadət etdiyini bildirir.
Londonda yerləşən Pars Teologiya Mərkəzi 200 iranlıya təlim verməklə, onların gələcəkdə İranın xristian icmasının liderləri kimi yetişdirildiyini bildirib. Bu haqda məlumatı Christian Post dərgisi yayıb.
1979-cu il İran İslam İnqilabından sonra xristianlara qarşı təqiblər vüsət alıb. Şiə müsəlman hökumətin idarə etdiyi bu ölkədə xristianlar ölüm təhdidləri, işgəncə və şallaq kimi cəzalara məruz qalır. Hazırda mötədil kimi dünya ictimaiyyətinə təqdim edilən prezident Həsən Ruhaninin dövlət başçısı olduğu İranda 100-dən artıq xristian dini etiqadına görə dəmir barmaqlılar arxasındadır.
Gizli ev kilsələri İslama hədə törətməklə yanaşı, gəncləri yanlış yola sürükləyir.Ayətulla Xameneyi
2010-cu ildə İranın ali ruhani rəhbəri Ayətulla Əli Xameneyi demişdi ki, İranda gizli ev kilsələri İslama hədə törətməklə yanaşı, gəncləri yanlış yola sürükləyir.
Təzyiq və təqiblərə baxmayaraq xristianlıq durmadan yayılır. Açıq Qapılar qrupu kimi bəzi təşkilatlar İranda 450 min xristian olduğunu, digərləri bu göstəricinin 1 milyonu keçdiyini və bir çox müsəlmanın dinini dəyişib, xristianlığı qəbul etdiyini iddia edir.
Bildirildiyinə görə, İranda ev kilsələrinə insanlar kiçik qruplar şəklində toplaşır. Qorxu üzündən bu, insanların ibadət etmək üçün toplaşa biləcəkləri yeganə məkandır.
Xristian keşişlər arasında ABŞ vətəndaşı Səid Abedini həbsdən azad edilsə də, İranda hələ də bir sıra xristian ruhani həbsdədir.
Keşiş Fərşin Fəthi 2010-cu ildən həbsdədir. Dini fəaliyyətlərə görə həbs edilməsinə dair tənqidlər səbəbi ilə ona qarşı kriminal siyasi fəaliyyətlərlə məşğul olmaq ittihamı irəli sürülüb.
Digər bir xristian ruhani Behnam İrani 6 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı müsəlmanlara xristianlığı qəbul etdirməklə, dövlət əleyhinə fəaliyyət ittihamı irəli sürülüb.
Christian Post qəzeti yazır ki, Pars üzvlərinin 70 faizi İranda yaşayan tələbələrdir və onlar ölkə daxilində təlimlərdən keçir.