Accessibility links

Xudatda hərbiçi qəza törədib, müxalifətçi tutulub


Xudat şəhəri
Xudat şəhəri

Sərhəd qoşunlarının komandirinin xidməti avtomobili ilə yerli sakinin avtomobilinin toqquşması insidentə səbəb olub.

Mayın 9-da Xudatda (Bakıdan 184 kilometr şimal) sərhədçilərlə mülki şəxslərin iştirakı ilə baş vermiş yol-nəqliyyat qəzası yerli əhali arasında narazılığa səbəb olub.

Yerli medianın məlumatına görə, Xudatda Sərhəd Qoşunlarının hərbi hissəsinin komandirinin avtomobili yerli sakin Rafiq Hüseynovun avtomobili ilə toqquşub.
Komandirin maşınından çıxan hərbi formalı şəxs yerli sakinin ünvanına təhqiramiz ifadələr işlədib.

Sərhədçilərin hərəkətlərindən qəzəblənən bir qrup sakin yerli polisə gələrək günahkarların cəzalandırılmasını tələb edib. Eyni zamanda hərbi hissə komandirinin özünün avtomobildə olub-olmaması ilə bağlı ziddiyyətli məlumatlar yayılır. Bəzi xəbərlərə görə, avtomobili komandirin özü idarə edib, digər xəbərlərə görə, o maşında olmayıb.

Şəhər polis bölməsinin rəisi Elçin Rəcəbov obyektiv araşdırma aparılacağını vəd etdikdən sonra adamlar dağılışıb. O, avtomobili komandirin idarə etməsi barədə məlumatı təkzib edib.

Mayın 9-da axşam saatlarında Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev Xudata gedib, hadisəni yerində araşdırıb.

Bununla belə, axşam saatlarında yerli sakinlər yenidən hərbi hissə komandirinin cəzalandırılması tələbi ilə etiraz aksiyası keçirib.

Hadisədən sonra sakinlərin tələb etdikləri insanlar deyil, 4 nəfər yerli müxalifətşi saxlanıb.

Sumqayıt Hərbi Prokurorunun köməkçisi Elviz Salayev Amerikanın Səsinə bildirib ki, hazırda avtomobil qəzası faktla bağlı araşdırma aparılır, cinayət işi açılmayıb. İş Sumqayıt Hərbi Prokurorunu əvəz edən Erkin Hacıyevin icraatındadır, o hadisə yerində olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatənda isə deyilir ki, mayın 9-da saat 11.20 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillər toqquşub və bu zəmində hər iki şəxs arasında mübahisə baş verib. Məsələ Xaçmaz rayon Polis Şöbəsinin Xudat Polis Bölməsində araşdırılıb və öz qanuni həllini tapıb.

“Lakin bəzi radikal müxalifət partiyalarının yerli funksionerləri öz təhrikçi ənənələrinə sadiq qalaraq baş vermiş adi yol-nəqliyyat hadisəsini növbəti dəfə siyasiləşdirməyə, rayonda süni gərginlik və qarşıdurma yaratmağa cəhd göstəriblər. Onlar hadisə yerinə toplaşmış bir qrup yerli sakini yürüş keçirməyə, ictimai təhlükəsizliyi və hüquq qaydasını pozmağa sövq ediblər.

Görülmüş tədbirlərlə qanunsuz aksiyaya cəhdin qarşısı alınıb, onun təşkilatçılarından bir neçəsi, o cümlədən Müsavat Partiyası rayon təşkilatının sədri Heybət Əmrah, üzvləri Fikrət Əliyev, Ələddin Mirzəyev, habelə rayon sakini Nüsrət Qarayev saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 298.2-ci (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub. Adları çəkilən şəxslərin hər biri rayon məhkəməsi tərəfindən 10 sutka müddətinə inzibati qaydada həbs edilib”, xəbərdə qeyd edilir.

Nazirlik həmçinin bildirir ki, rayon hüquq-mühafizə orqanları qanunsuz aksiyaya cəhdin digər təhrikçilərinin və fəal iştirakçılarının da müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Müsavat Partiyası yerli təşkilatının üzvlərinin həbsini siyasi adlandırıb.

“İqtidar qəzanı törədənlərin əvəzinə müxalifətçiləri həbs edib. Hüquq mühafizə orqanları isə baş vermiş insidentlə bağlı deyil, müxalifətçilərlə bağlı məlumat yayır. Beləliklə baş vermiş qarşıdurmada diqqəti əhalinin narazılığı faktorundan yayındırmaq istəyirlər”, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı bildirib.
Onun sözlərinə görə, partiya üzvləri dünən Xudatda baş vermiş aksiya ilə əlaqədar həbs olunublar.

“Aksiya sərhədçilərin və yerli sakinlərin iştirakı ilə törədilmiş yol-nəqliyyat qəzasından sonra baş verib. Avtomobillərin toqquşması zamanı hərbçilər yerli sakini təhqir edib. Bu da adamlar arasında narazılığa səbəb olub”, o qeyd edib.

Xatırladaq ki, 2013-cü ilin yanvarın 23-də baş vermiş analoji insident İsmayıllı iğtişaşlarına səbəb olub. Belə ki, “Çıraq” otelinin meneceri yol qəzası törədərək yerli sakinləri təhqir edib. Buna cavab olaraq sakinlər oteli yandırıblar, rayonun o zamankı icra başçısı Nizami Ələkbərovun villasına hücum ediblər.

Bundan öncə isə 2012-ci il martın 1-də Qubada icra hakimiyyəti başçısının yerli sakinləri təhqir edən çıxışı yayıldıqdan sonra sakinlər etiraz edib və icra hakimiyyəti başçısının villasını yandırıb.
XS
SM
MD
LG