Accessibility links

Yüzlərlə sudanlı baş nazir ilə ordu arasında əldə olunan razılığa etiraz edir


Yüzlərlə sudanlı cümə axşamı Xartum və başqa şəhərlərdə küçələrə axışaraq etiraz edib. Onlar bir ay öncə çevriliş nəticəsində devrilən mülki baş naziri hakimiyyətə geri gətirmək üçün razılıq əldə edən ordu liderlərinə təzyiq etməyə davam ediblər.

Populyar siyasi partiyalar və Sudanın güclü etiraz hərəkatı baş nazir Abdalla Hamdokun bazar günü ordu ilə razılıq imzalamaq qərarına qarşı çıxıb. Bəziləri bunu xəyanət adlandırıb və ya bunun ordunun hakimiyyətə ələ keçirməsi üçün siyasi örtük olduğunu deyir.

“Bu inqilab xalqın inqilabıdır. Ordu kazarmaya geri dönsün!” – deyə, Xartumun Əl-Daim rayonunda etirazçılar şüarlar səsləndirib. Onlar bundan öncəki nümayişlər zamanı ölən “şəhidlər” üçün ədalətin təmin olunmasına çağırıb.

Etirazçılar həmçinin paytaxtın Sahafa məhəlləsindəki əsas yolu bağlayıb. Sudan bayrağını daşıyan etirazçılar Sudanın hərbi lideri Əbdel Fəttah Əl Burhana istinad edərək “Burhan sən idarə etməyəcəksən. Hərbi hakimiyyətə son!” kimi şüarlar səsləndiriblər.

Sosial mediada paylaşılan canlı yayımlarda Port Sudan, Kassala, Vad Madani və El Geneina şəhərlərində də etirazların olduğu göstərilib. Hamdokun hakimiyyətə qaytarılması ordu lideri Burhanın güzəştə getdiyi göstərsə də, əsas siyasi partiyalar və vətəndaş qrupları deyir ki, ordu siyasətdə heç bir rol oynamamalıdır.

Bazar günü əldə olunan razılığa əsasən, Hamdok 2023-cü ilədək davam edəcəyi gözlənilən keçid hökumətdə texnokratlardan ibarət hökumətə rəhbərlik edəcək və ordu ilə hakimiyyəti bölüşəcək. Bu yeni razılığın 2019-cu ildə Ömər Əl Bəşirin devrilməsindən sonra ordu ilə mülki siyasi qüvvələr arasında əldə olunan razılığa əsaslandığı bildirilir. Həmin vaxt onlar seçkiyə qədər hakimiyyəti bölüşməyə razılaşmışdılar.

Lakin çevriliş həmin əməkdaşlığı pozdu. Ordu ilə birlikdə hakimiyyəti bölüşən mülki koalisiya və keçmiş nazirlər Hamdokun əldə etdiyi razılığı rədd ediblər və buna görə ötən bir ay ərzində ordu əleyhinə etirazçılara qarşı zorakı təqibləri səbəb göstəriblər. Hamdok deyib ki, Sudan rəsmiləri demokratiya və ifadə azadlığına sadiqdir.

XS
SM
MD
LG