BMT-nın sponsorluq etdiyi Yəmən sülh danışıqları zamanı hər iki tərəf əsas liman şəhəri olan Hodeydaya ərzaq və humanitar yardımın çatdırılmasına mane olan döyüşlərin dayandırılması təklifinı rədd edib.
Verilən xəbərlərdə bildirilir ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin silahı yerə qoyması, şəhərə nəzarət edən İranın dəstəklədiyi Huti üsyançıları isə geri çəkilməsi, şəhərin müvəqqəti olaraq BMT-nın nəzarətinə keçməsi nəzərdə tutulur.
Tərəflərin təklifi rədd etmələrinə baxmayaraq, danışıqları izləyən BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits İsveçdə keçirilən danışıqların ilkin mərhələ olduğunu və bu kimi təkliflərin yenidən nəzərdən keçirilə bildiyini deyib.
Danışıqlar zamanı Yəmənin üçüncü böyük şəhəri olan Taiz şəhərindəki döyüşlərin dayandırılması da müzakirə edilib.
Bu, 2016-ci ildən bəri Yəmənlə bağlı ilk sülh danışıqlarıdır. Huti döyüşçüləri ilə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin hava hücumları ilə yardım etdiyi Yəmən ordusu arasındakı döyüşlər 2014-cü ildən bəri davam edir. Münaqişə çoxu mülki əhali olmaqla, 10 mindən çox insanın ölümünə səbəb olub.