Accessibility links

Yəmənin müharibə tərəfləri sülh danışıqları keçirir


Yəmənin müharibə tərəflərinin nümayəndələri dörd il davam edən və ölkədə aclığa gətirib çıxaran müharibəyə son qoymaq məqsədi ilə sülh danışıqlarının yeni raundunda iştirak etmək üçün İsveçdədir.

BMT-nin Rimbo şəhərində cümə axşamı vasitəçilik etdiyi danışıqlar Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumətlə İranın dəstəklədiyi Husi üsyançıları arasında ötən iki ildə keçirilən ilk danışıqlardır.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits deyib ki, gündəlikdə olan əsas məsələlər Səna beynəlxalq hava limanına nəzarət, humanitar yardım üçün dəhliz və hakimiyyətin bölüşdürülməsi barədə mümkün razılıq əldə etməkdir. Qriffits deyib ki, hər iki tərəf məhbus mübadiləsinə razıdır.

“Mən elan etmək istəyirəm ki, məhbus, itkin düşmüş insanlar, zorla nəzarət altına alınan və ev dustaqlığına məcbur edilən insanların mübadiləsinə dair razılıq imzalanıb. Bu burada iştirak edən tərəflər və bir çoxları, ailə üzvlərini itirmiş bir çox ailə üçün böyük nailiyyətdir” - deyə, Martin Qriffits bildirib.

Bu razılığın əldə edilməsinə baxmayaraq müşahidəçilər danışıqlarda mühüm irəliləyişə ümid bəsləmir. Vaşinqton şəhərində qərərgahlanan Yaxın Şərq İnstitutundan Zubair İqbal Amerikanın Səsinə bildirib ki, İsveçdə aparılan danışıqlar müxalif tərəflər arasında etimadın yaradılmasında başlanğıc nöqtəsi ola bilər.

2014-cü ildən bəri davam edən müharibədə təxminən 10 min yəmənli həlak olub. BMT-nin Dünya Ərzaq Proqramı bildirib ki, 12 milyon yəmənli aclıq çəkir.

XS
SM
MD
LG