Yəmən rəsmiləri Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti ilə Husi üsyançıları arasında strateji Mərib vilayətində bir həftədir sürən şiddətli döyüşlərin bazar günü davam etdiriliyini bildirib. Onlarla insanın ölümülə nəticələnən toqquşmalar BMT-nin vasitəçliyi ilə on illərdir davam edən vətəndaş müharibəsinə son qoyulması üçün danışıqların yenidən başlanılması səylərini şübhə altına alır.
İranın dəstəklədiyi üsyançılar bu ayın əvvəli Yəmənin beynəlxalq səviyyədə tanınmış hökuməti tərəfindən nəzarət edilən Husilərə qarşı istinadgah olan neftlə zəngin vilayətə yenidən hücum etməyə başlayıb. Lakin hər iki tərəfin hərbi rəsmilərinin bildirdiyinə görə, Husilər itkilər verərək, ciddi müqavimətlə qarşılaşıb və irəliləyişə nail ola bilməyib.
Yəməndə müharibə üsyançıların 2014-cü ildə paytaxt Səna və ölkənin şimalının böyük hissəsini ələ keçirməsindən sonra başlayıb. Bundan bir neçə ay sonra Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ABŞ-ın dəstəyi ilə Husiləri çıxarmaq və beynəlxalq səviyyədə tanınmış hökuməti bərpa etmək üçün münaqişəyə müdaxilə edib. Münaqişə təxminən 130 000 insanın həyatına son qoyub və dünyada ən ağır humanitar fəlakətə səbəb olub.
Üsyançılar Səudiyyə Ərəbistanının cənub sərhədini bağlayıb, vilayətdəki neft yataqlarının nəzarətini ələ alaraq, Məribə nəzarət etməyə və bununla mümkün sülh danışıqlarında təsirə nail olmağa çalışır.
Husilərin hücumlara yenidən başlamasından narahatlıq keçirən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Mərib ətrafında səhrada onların konvoyunu bombalayıb. Rəsmilərin bildirdiyinə görə, koalisiya eyni zamanda hökumətin nəzarətində olan Taiz və Şabva vilayətlərindən quru qoşunları cəlb edib.
Üsyançılar 2020-ci ilin əvvəllərindən bəri bir neçə istiqamətdən hücum edərək və əhalini risk qarşısında qoyaraq Məribə doğru irəliləyir.
Məribdə döyüşlərin intensivləşməsi BMT-nin müharibə aparan tərəflər arasında danışıqları bərpa etmək səylərinin yenidən başlamasına mane ola bilər. Tərəflər arasında 2019-cu ildən bəri əsaslı danışıqlar aparılmayıb.
BMT-nin xüsusi nümayəndəsi Martin Qriffits ABŞ Prezidenti Co Bayden administrasiyasının Yəməndə münaqişə ilə bağlı son addımına işarə edərək, keçən həftə “yeni diplomatik imkanın” yarandığı bir dövrdə Məribdə döyüşlərlə bağlı “dərin narahatlığını” ifadə edib.
Bayden bu ayın əvvəli ABŞ-ın silah satışları da daxil olmaqla Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiyanın hərbi hücumlarına dəstəyə son verəcəyini elan edərək, Yəməndə davam edən münaqişəyə diqqət çəkib. Bayden administrasiyası həmçinin Yəməndə humanitar böhranın həllinin vacibliyinə işarə edərək, Husilərin terrorçu təşkilat statusunun aradan qaldırması istiqamətində addım atıb.