Bazar günü GRAMMY musiqi mükafatları təqdim olunub. Gənc ulduz Billi Ayliş 4 əsas nominasiya üzrə qalib gələrək, GRAMMY tarixində nadir uğura imza atıb.
Unikal səsə sahib olan 18 yaşlı müğənni bir gecədə “İlin albomu”, “İlin mahnısı”, “İlin səs yazısı”, və “İlin yeni müğənnisi” kateqoriyalarında qalib gələn ikinci musiqiçidir. O həmçinin eyni ildə bütün əsas kateroqiyalarda qalib gələn ən gənc musiqiçidir. Ayliş ümumilikdə 5 mükafat qazanıb.
Yaşıl saçları və enli paltarları ilə fərqlənən Ayliş ilk albomunu qardaşı Finneas ilə birlikdə Los Ancelsdəki evinin yataq otağında yazıb. Finneas özü də “İlin qeyri-ənənəvi prodüseri” kateqoriyasında GRAMMY mükafatına layiq görülüb.
"Bu albomu GRAMMY almaq üçün yazmadıq. Biz depressiya və intihar düşüncələri haqda və ətraf mühiti dəyişmək üçün yazırdıq. Hal-hazırda çaşqınlıq hissi keçiririk və minnətdarıq" – deyə, Finneas bildirib.