Accessibility links

“Ya məni həbsdən azad edəcəklər, ya da öldürəcəklər,” - Tofiq Yaqublu 4-cü gündür aclıq edir


Tofiq Yaqublu
Tofiq Yaqublu

Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublu məhkəmə hökmünə və istintaqa etiraz olaraq artıq dördüncü gündür aclıq aksiyası keçirir. O aclığa başladığını sentyabrın 2-də Bakının Nizami rayon Məhkəməsində bəyan edib.

Tofiq Yaqublu həbsxanada qızı Nigar Həzi ilə görüşü zamanı ictimaiyyətdən xahiş edib ki, ona 'aclığı dayandır' müraciətləri edilməsin.

“Qərarımı heç kim dəyişdirə bilməyəcək. Xahiş edirəm mənə aclığı dayandırın çağırışları etməyin. Öldü var döndü yoxdur. Bu qədər haqsızlığa göz yummayacam. Ya məni həbsdən azad edəcəklər, ya da öldürəcəklər. Onu ya azadlıq, ya da ölüm gözləyir. Buna qərarı İlham Əliyev verəcək. Vaxt isə gedir....” Nigar Həzi atası ilə görüşdən sonra facebook səhifəsində yazıb.

Qərarımı heç kim dəyişdirə bilməyəcək. Xahiş edirəm mənə aclığı dayandırın çağırışları etməyin. Öldü var döndü yoxdur. Bu qədər haqsızlığa göz yummayacam.
Tofiq Yaqublu

Amerikanın Səsinin müxbirinin Penitensiar Xidmətdən Yaqublunun səhhəti, saxlanma şəraiti ilə bağlı məlumat almaq cəhdi baş tutmayıb.

Yaqublunun qızı Nigar Həzi Amerikanın Səsinə deyib ki, artıq atasının səhhətində dəyişikliklər baş verib, o zəifləyib.

"Bu gün, sentyabrın 5-də atamla telefonla danışdım. 4 günlük aclıq artıq səhhətinə təsirini göstərməyə başlayıb. Tez-tez baş gicəllənmələrinin olduğunu və zəiflədiyini bildirdi. Bu durumda ola-ola həbsxananın tibbi hissəsindən heç bir tibbi yoxlanış olmayıb. Tofiq Yaqublunun səhhətindəki geriləmə onun həyatı üçün həyəcan təbili çalır," o qeyd edib.

Sosial şəbəkələrdə #Tofiq Yaqubluya azadlıq! haştağı ilə imzatoplama kampaniyası başlayıb. Minlərlə insan Yaqubluya dəstək mesajları ilə çıxış edib, onun fotolarını paylaşıb.

Çoxsaylı beynəlxalq təşkilatlar, səfirliklər Tofiq Yaqublunun azadlığa buraxılması tələbi ilə bəyanatlarla çıxış edib. Amnesty International Yaqublunu vicdan məhbusu elan edib.

Bütün bu bəyanatlara rəsmi Bakı hələ münasibət bildirməyib.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Sükan arxasında olan Elxan Cəbrayılov Yaqublu ilə münaqişə edərək onu ittiham edib.

Nizami rayon polisi cinayət işi qaldırıb, lakin istintaq zamanı Tofiq Yaqublunun telefonundan onun təqsirsizliyinə dair bütün video-sübutlar silinib. Polis bunun nə üçün edildiyini açıqlamayıb.

Məhkəmə həmçinin videomaterialların bərpası və məhkəmədə istifadə edilməsi barədə vəsatətləri təmin etməyib.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. O, etiraz olaraq aclığa başlayıb.

Yaqublu ilk dəfə 2013-cü ildə İsmayıllıda iğtişaşların təşkilində ittiham olunaraq həbs edilib. 2019-cü ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə inzibati qaydada həbsə məhkum edilib.

Azərbaycan rəsmiləri beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Ölkə rəhbərləri insanların siyasi iradəsinə görə təqib edilmədiyini bildirir.

XS
SM
MD
LG