Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində xəsarət alan azərbaycanlılardan biri xəstəxanada ölüb. Bununla da yanğın nəticəsində ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb.
Bu barədə APA agentliyinə Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov bildirib.
Fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan Quliyeva Sədaqət fevralın 18-də xəstəxanada ölüb. Diaspor rəhbəri yanğın nəticəsində yaralanan şəxslərdən hazırda dörd nəfərinin xəstəxanada olduğunu, onlardan 82 yaşlı İzzət Quliyevanın vəziyyətinin olduqca ağır olduğunu söyləyib.
Fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Nəticədə Quliyev Hatəm (Namiq), onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, Qabil Qarayev ölüb. Yanğın zamanı Sevinc Quliyeva, Aytən Quliyeva və İzzət Quliyeva, o cümlədən Sədaqət Quliyeva ağır yanıq xəsarəti alıb.