Accessibility links

Viktor Yanukoviçin işi ilə bağlı növbəti məhkəmə iclası başlayıb


Kiyevin Obolonskiy rayon məhkəməsində sabiq Ukrayna prezidenti Viktor Yanukoviçin işi ilə bağlı növbəti məhkəmə iclası başlayıb. Keçmiş prezident dövlətə xəyanətdə ittiham olunur. Hazırda cinayət işi 21 cild təşkil edir (19 cild ittiham tərəfinin, 2 cild müdafiə tərəfinin). İyulun 6-da keçirilən prosesdə Yanukoviç vəkillərini geri çağırıb, məhkəməni “küfr”, nəticəsini isə “əvvəlcədən təyin olunmuş” adlandırıb. Bundan sonra Ukrayna hökuməti ona dövlət müdafiəçisi təyin edib.

İyunun sonunda məhkəmə sözügedən işə qiyabi baxılması ilə bağlı qərar çıxarıb. Səbəb kimi də o göstərilib ki, ittiham olunan Yanukoviç özü şəxsən məhkəmədə iştirak etmir və videokonfrans vasitəsilə də iclasa qatılmaqdan imtina edir.

Eks-prezident Yanukoviç hazırda Rusiyaya sığınıb. O, Ukraynanın ərazi bütövlüyü və toxunulmazlığına xələl gətirmək, dövlət çevrilişinə cəhd və vətəndaş müharibəsini başlatmaqda ittiham olunur.

Əsas fakt kimi eks-prezidentin 2014-cü ilin martında Rusiya Federasiyası Şurasına və Putin administrasiyasına yolladığı məktubun fotosürəti göstərilir. Həmin məktubda Rusiyadan Ukrayna ərazisinə ordu yeritməsi istənilir.

XS
SM
MD
LG