Accessibility links

20 Yanvar faciəsinin 24-cü ili ilə bağlı tədbirlər planı təsdiq edilib


20 Yanvar-1990-cı il
20 Yanvar-1990-cı il

Ölkədə bayraqlar endiriləcək, qatarlar, gəmilər, avtomobillər səs siqnalı verəcək, şəhidlər ziyarət ediləcək

Azərbaycan Prezident Administrasiyasının rəhbəri “20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” barədə sərəncam imzalayıb.

Sənəddə ölkənin bütün şəhər və rayonlarında 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfranslar təşkil olunacaq, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən tədbirlər keçiriləcək.

Tədbirlər planına əsasən, 20 Yanvar şəhidlərinin ailələrinə humanitar yardım veriləcək, yanvarın 17-də bütün tədris müəssisələrində faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə dini mərasimlər təşkil olunacaq.

Sənədə görə ictimaiyyətin yanvarın 20-də Şəhidlər xiyabanına ziyarəti təşkil ediləcək, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində matəm əlaməti olaraq və faciə qurbanlarının xatirəsini yad etmək məqsədi ilə dövlət bayraqları endiriləcək.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq olub.

Bakının işğalı nəticəsində 137 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb, 800-dən çox adam həbs edilib.

1992-ci il yanvarın 14-də Azərbaycan Baş Prokurorluğu o zamankı Cinayət Məcəlləsinin ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə, əmlakın qəsdən məhv edilməsi, hakimiyyət və vəzifə səlahiyyətini aşma, hakimiyyətdən istifadə etmə və aşma maddələri ilə cinayət işi qaldırb.

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkə parlamenti yanvar hadisələrinə siyasi-hüquqi qiymət verib.

İndiyədək cinayət işində ittiham elan edilmiş şəxslərdən biri belə həbs edilməyib və cinayət işi üzrə məhkəmə baxışı keçirilməyib.
XS
SM
MD
LG