Accessibility links

20 Yanvardan 26 il keçir


1990-cı il 20 Yanvar faciəsindən 26 il keçir.

Yanvarın 20-si Azərbaycanda anım günüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya 35 minlik ordu yeridilib. Məqsəd Azərbaycanda kommunist rejimini xilas etmək və milli-azadlıq hərəkatını boğmaq olub.

Bu əməliyyat SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən hazırlanaraq həyata keçirilib və şərti adı “Zərbə” olub. Əməliyyatda əsas rolu “ALFA” xüsusi təyinatlı qrup və SSRİ DTK-nın təxribat qrupları oynayıb.

Qoşunların yeridilməsi üçün əsas bəhanələrdən biri yanvarın 13-dən başlayaraq əhalinin hakimiyyətin tələblərinə məhəl qoymaması olub. Lakin qoşunlar gələnə kimi ölkədə artıq tam sabitlik yaranmışdı. Bakının işğalı nəticəsində 134 mülki şəxs öldürülüb, 700-dən çox adam yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Keçmiş SSRİ və Azərbaycan SSR-nin rəhbərliyindən heç kim yanvar faciəsinə görə məsuliyyətə cəlb olunmayıb.

1994-cü ildə Azərbaycan parlamenti yanvar hadisələrinə siyasi-hüquqi qiymət verib. Buna görə məsuliyyət Mixail Qorbaçov da daxil olmaqla, SSRİ-nin keçmiş rəhbərlərinin, həmçinin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirovun, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibovun üzərinə qoyulub. Eyni zamanda, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi Yevgeni Primakovun adı faciə günahkarlarının siyahısından çıxarılıb.

20 Yanvar faciəsi ilə bağlı cinayət işi üzrə ilkin araşdırmalar SSRİ Baş Prokurorluğu tərəfindən aparılıb və baş vermiş hadisələrlə əlaqədar hərbiçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlinərək, 20 dekabr 1990-cı il tarixli qərarla cinayət işinin icraatına xitam verilib.

Azərbaycan Baş Prokurorluğu 14 fevral 1992-ci ildə xitam qərarını ləğv edərək həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4 və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

İstintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib.

Hadisə baş verən dövrdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdürrəhman Vəzirov və digərlərinin cinayət məsuliyyətinə cəlb olunması barədə 1994-cü ildə qərarlar qəbul edilib. Onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.

Cinayətdə təqsirli bilinən Ali Sovetin sədri olmuş Elmira Qafarova və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 2-ci katibi Viktor Polyaniçko vəfat etdikləri üçün barələrindəki cinayət işinə xitam verilib.

Cinayət işi SSRİ-nin Baş Prokurorluğunda başlandığından 68 cildlik cinayət işinin materialları Moskvaya aparılıb. Həmin materialların Azərbaycan Baş Prokurorluğuna qaytarılması üçün sorğular və təqsiləndirilən şəxslərin tutulub istintaqa verilməsi üçün qanunla müəyyən edilmiş zəruri sənədlər Rusiya Federasiyasının hüquq mühafizə orqanlarına təqdim olunub. Lakin həmin sorğulara indiyədək müsbət cavab verilməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG