Accessibility links

Yaponiya 2020 Yay Olimpiya Oyunları yaxınlaşdıqca COVID-19 məhdudiyyətlərini yumşaldacaq


Yaponiya gələn ay keçiriləcək Tokio Olimpiadasının açılış mərasimindən öncə Tokio və bir çox prefekturada COVID-19-la əlaqli məhdudiyyətləri yumuşaltmaq planını elan edib.

Baş Nazir Yoşihide Suqa bazar günü fövqəladə vəziyyətin bitməsindən sonra hökumətin “yarı fövqəladə” vəziyyət tədbirlərinə keçəcəyini bildirib. Daha yumşaq məhdudiyyətlərin tətbiq olunduğu vəziyyət Olimpiya Oyunlarının başlamasından 12 gün öncəyə, yəni 11 iyul tarixinə qədər davam edəcək.

Bu tədbirlərə əlavə olaraq hökümətin oyunların keçiriləcəyi məkanlara 10.000 tamaşaçının girişinə icazə vermək planını açıqlayacağı gözlənilir.

Ölkədə COVID-19-un artması səbəbi ilə ilk bir aylıq fövqəladə vəziyyət paytaxt və digər ərazilərdə aprel ayında elan olunmuş, daha sonra may ayının sonuna qədər uzadılmışdı.

Ölkədə yoluxmaların artması oyunların keçirilməsinə qarşı ictimai etiraza səbəb olub. Xüsusi ilə görkəmli tibb mütəxəssislərindən ibarət bir qrup Baş nazir Suqanı oyunları dayandırmağa çağırıb.

Tokio Olimpiadası koronavirus pandemiyası səbəbi ilə bir il gecikmədən sonra baş tutacaq. Xarici azarkeşlərin oyunlara qatılması qadağan edilib.

Bu arada Avropadakı digər bir vaksin istehsalçısının COVID-19 peyvəndinin son mərhələdəki testinin nəticələri məyusedici olub.

Almaniyanın bioloji preparatlar istehsal edən CureVac şirkəti tərəfindən hazırlanan peyvəndin virusa qarşı yalnız 47 faiz təsirli olduğu üzə çıxıb. Bu isə Ümumdünya Səhiyyə Təşkilatının tələb etdiyi 50 faiz effektivlik səviyyəsindən aşağıdır.

Peyvənd Latın Amerikası və Avropada 40.000 könüllüyə tətbiq olunub.
CureVac-ın icraçı direktoru Franz-Werner Haas məyusedici nəticələrin səbəbi kimi pandemiyanın başlanğıcından bəri ortaya çıxan çox sayda COVID-19 variantının olmasını görür.

Avropa İttifaqı CureVac ilə ən az 225 milyon doza peyvənd almaq üçün razılığa gəlmişdi. Şirkət üçüncü mərhələ sınaqlarının davam edəcəyini və yekun nəticələrin bir neçə həftə ərzində əldə ediləcəyini bildirib.

XS
SM
MD
LG