Accessibility links

Şimali Koreya daha bir raketi sınaqdan keçirib


Cənubi Koreya ordusunun rəsmiləri deyir ki, Şimali Koreya şərq sahilinə yaxın bir yerdə balllistik raket sınağı həyata keçirib.

ABŞ ordusu eyni anda iki raketin göndərildiyini bildirir. Onlardan biri uğurla nəticələnib, digəri isə havaya göndəriləndən dərhal sonra partlayıb.

Rəsmilər ortamənzilli Rodonq raketi olduğu güman edilən raketin çərşənbə günü səhər saat 8 radələrində ölkənin qərbində yerləşən Huanqhae vilayətinin Unyul şəhərindən havaya yollandığını və Yaponiya sularına yaxın bir yerdə düşməzdən öncə havada min kilometr uçduğunu bildirir.

Yaponiyanın baş naziri Şinzo Abe Tokioda keçirilən mətbuat konfransında Şimali Koreyanın raket sınağını qınayıb.

“Şimali Koreya raketinin Yaponiyanın iqtisadi zonalarına enməsi bizim milli təhlükəsizliyimizə hədə kimi qiymətləndirilir. Mən Şimali Koreyanın bu əfvedilməz hərəkətinə qarşı etiraz etmişəm, çünki bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir. Yaponiya ABŞ və Cənubi Koreyanın əməkdaşlığı ilə bu məsələ ilə ciddi məşğul olacaq.”

Birləşmiş Ştatlar çərşənbə günü raket sınağına cavab olaraq, Şimali Koreyaya özü və müttəfiqlərini hər bir təxribatdan qorumağa hazır olduğu barədə xəbərdarlıq edib.

Bu, son iki həftədə həyata keçirilən ən son raket sınağıdır. Sınaqların hamısı Pxenyanı balistik raket inkişaf etdirməsinə qadağa tətbiq edən BMT qətnaməsinə ziddir.

Şimali Koreya uzunmənzilli raketə yerləşdirmək üçün Birləşmiş Ştatlara çata biləcək kiçik döyüş başlığı inkişaf etdirməyə çalışır. Ancaq Cənubi Koreyanın müdafiə rəsmiləri Pxenyanın hələ ki, bu qədər kiçik döyüş başlığına malik olmadığını deyir.

XS
SM
MD
LG