Yaponiya hökuməti COVID-19-a yoluxmalar sürətlə artdığına görə Tokio və Osaka şəhərlərində yenidən fövqəladə vəziyyət elan edə bilər.
Mainichi qəzeti çərşənbə günü Tokio qubernatoru Yuriko Koikenin aprelin 29-dan mayın 9-na qədər Yaponiyada hər il keçirilən "Qızıl Həftə" tətilinə təsadüf edən vaxt fövqəladə vəziyyətlə bağlı təcili qərar verilməsini xahiş etdiyi haqda məlumat verib.
Tokyo və Osaka, eləcə də bir neçə digər prefekturalar demək olar ki, fövqəladə vəziyyət şəraitindədir, belə ki, restoranlar və barlar qısaldılmış iş saatları müddətində fəaliyyət göstərir.
Pandemiya başlayandan bəri Yaponiya fövqəladə vəziyyətlə bağlı ayrı-ayrılıqda iki qərar qəbul edilib və onlardan birinin vaxtı martın 21-də başa çatıb. Əvvəlki qərarlarda Yaponiyanın II Dünya Müharibəsindən sonra qəbul edilmiş və vətəndaş azadlıqlarını dəstəkləyən konstitusiyasına görə hökumətin məcburi ümummilli karantin tətbiq etməsi nəzərdə tutulmurdu.
Əgər tətbiqinə icazə verilərsə, yeni fövqəladə vəziyyət zamanı iş saatları ilə əlaqədar mövcud məhdudiyyətlər tətbiq ediləcək və eyni zamanda əyləncə parkları, ticarət mərkəzləri və digər obyektlər bağlanacaq. Fövqəladə vəziyyətin Osaka ilə qonşu Hyoqo prefekturasına da şamil olunacağı gözlənilir.
Cons Hopkins Koronavirus Resurs Mərkəzinin bildirdiyinə görə, 9682 ölüm halı də daxil olmaqla, Yaponiyada COVID-19-a 542467 yoluxma halı qeydə alınıb. Bu rəqəmlər digər ölkələrlə müqayisədə az olsa da, Yaponiyanın səhiyyə sektorunu yükləmək və pandemiya səbəbindən bir il gecikdirilən və iyul ayında başlaması planlaşdırılan Tokio Olimpiya Oyunları planlarını əngəlləmək üçün kifayət oila bilər. Yaponiya paytaxtında çərşənbə günü rekord səviyyədə koronavirusa 843 təsdiqlənmiş yeni yoluxma halı qeydə alınıb.
Peyvənd çatışmazlığı səbəbindən peyvənd prosesinin yavaş getməsi də ölkədə vəziyyəti ağırlaşdırır.