Accessibility links

Yaqut Qarayeva: Azərbaycanda son həftədə 755 koronavirusa yoluxma olub


"Mayın 18-də Azərbaycanda 113 nəfər koronavirusa yoluxub, 40 nəfər sağalıb, 1 nəfər vəfat edib"

Bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, indiyə qədər 3387 nəfər koronavirusa yoluxub, 2055 nəfər sağalıb, 1333 nəfərin müalicəsi davam etdirilir.”

TƏBİB-in şöbə müdiri qeyd edib ki, indiyədək 235 910 test aparılıb.

“Azərbaycanda son həftədə, 11 may-17 may tarixlərində 755 koronavirusa yoluxma olub. Bu idniyədək həftə ərzində ən çox yoluxma halıdır,” o bildirib.

Şöbə müdiri qeyd edib ki, parklarda maskalardan mütləq istifadə edilməlidir.

“İnsanlarımız həkimlərə kömək etməlidir. Xəstə sayı artanda yetərli xidmət göstərmək çətin olar. Modul tipli xəstəxanalar açılır. Maska və dezinfeksiyaedici ləvazimatlarda heç bir çətinlik yoxdur. Ancaq cəmiyyətdə məsuliyyət hissi olmasa, vəziyyət yenə pisləşər”.

Yerli medianın məlumatına görə, Azərbaycanda həkim koronavirusa yoluxaraq vəfat edib. Belə ki, Gəncə şəhərindəki 3 nömrəli Təcili Tibbi Yardım xəstəxanasının həkimi Cəmşid Abbasov bir müddət əvvəl koronavirusa yoluxub və Bakı şəhərindəki ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilib. Buna baxmayaraq həkimin həyatını xilas etmək mümkün olmayıb.

Bu, Azərbaycanda koronavirus infeksiyasına yoluxduqdan sonra vəfat edən ikinci həkimdir. Bundan öncə aprelin 18-də Bakı şəhərində Yasamal rayonunda təcili tibbi xidmətin həkimi Zakir Xəlilov koronavirus infeksiyasından vəfat edib.

Martın 14-dən Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 31-dən mayın 9-dək paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla, insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər.

Bundan ötrü 8103 nömrəsinə SMS məlumat göndərilməli və müsbət cavab aldıqdan sonra 2 saat müddərində küçəyə çıxmaq olardı.

Nazirlər Kabineti aprelin 27-dən karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərin qismən yumşaldılması barədə qərar qəbul edib. Belə ki, aprelin 27-dən bir sıra xidmət və ticarət sahələri fəaliyyətə başlayıb. Yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 18-dən karantin rejiminin yenidən yumşaldılması barədə qərar qəbul edib. Qərara görə, mayın 18-dən SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilib. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılıb. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılır.

Bununla yanaşı, kütləvi tədbirlərin keçirlməsinə tətbiq edilən qadağalar qüvvədə qalacaq. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağandır.

Ölkəyə giriş-çıxışa tətbqi edilən qadağa mayın 31-dək qüvvədədir.

XS
SM
MD
LG