Accessibility links

Yaqut Qarayeva: Birinci doza vaksindən 14-21 gün sonra ikinci doza vurulacaq


“Azərbaycana gətiriləcək peyvəndə böyük ümid bağlayırıq. Amma hər kəs başa düşməlidir ki, vaksin sehrli çubuq deyil”.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Mütəxəssis qeyd edib ki, bir insan peyvənd vurdurursa onun bədənində immunitet hələ inkişaf etməyə başlayacaq:

“Misal olaraq, birinci doza vurdurduqdan 14-21 gündən sonra ikinci doza vurulacaq. İkinci dozadan sonra bəlli anticisimlərin əmələ gəlməsini gözləyəcəyik. Bu o deməkdir ki, çətin olsa da, bir müddət vaksinasiya prosesindən sonra da tibbi maska istifadə edilməli, əl gigiyenası və sosial məsafəni saxlamaq qaydasına ciddi əməl edilməlidir. Çünki birinci dozanı alıb ikinci doza alana qədər, yəni onda immunitet yaranana qədər təhlükədə olacaq. Ona görə də hər kəs bu məsələyə ciddi yanaşmalıdır,” o qeyd edib.

Qarayeva deyib ki, Azərbaycan Türkiyə ilə yanaşı, GAVİ (Global Alliance for Vaccines) təşkilatından da əhalinin 10 faizini peyvəndləyə biləcək vaksinləri gözləyir.

“Bununla bağlı saziş də imzalanıb. GAVİ təşkilatının Azərbaycana hansı peyvəndin verəcəyi ilə bağlı hələlik məlumat yoxdur. Biz onlara sadəcə istəklərimizi bildirə bilirik ki, hansı növ vaksin istəyirik. Təbii ki, fərqli vaksin də ola bilər, yəni bir çox ölkənin peyvəndinin gətirilməsini gözləyirik. Sadəcə zaman və əlçatanlıq məsələsi var. Məsələn, GAVİ-dən aprel ayı üçün vaksin gözləyirik. Ona qədər də qış fəsli bitmiş olacaq. Zaman itkisi olduğuna görə də peyvəndlənməyə başlayan ölkələrin sırasında olmaq istəyirik. Bəlkə də, gələn il üçün virusla əlaqəli bir neçə vaksin təqdim olunacaq.”

O, Türkiyədən Azərbaycana gətirilən “Sinovac” vaksininin ölkədə laboratoriyada yoxlanılacağını bildirib.

Qarayeva koronavirusun yeni ştamından danışarkən deyib ki, bu gün üçün Azərbaycanda koronavirusun yeni ştamının olub-olmaması barədə heç kim dəqiq məlumat verə bilməz

“Çünki biz ancaq PCR üsulu ilə virusun mövcudluğunu təsdiq edə bilirik. Virusun növünü, mutasiyasını və ya yeni ştamlarının olduğunu araşdırmırıq. Məlum olan ştam haqqında dəqiq məlumat odur ki, yoluxma sürəti daha yüksəkdir. Lakin daha ağır xəstəlik törədir, yaxud daha çox ölümə səbəb olur, fəsadları meydana çıxır kimi dəqiq məlumatlar yoxdur,” o qeyd edib.

Bununla yanaşı, Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı bir neçə gün öncə bildirib ki, Azərbaycanda vaksinasiyanın yanvarın əvvəlindən etibarən başlanması gözlənilir.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan vətəndaşları eyni anda koronavirusa qarşı peyvənd olunacaqlar.

“Azərbaycanda peyvənd pulsuz vurulacaq,” Bayramlı qeyd edib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi bu il yanvarın 31-dək davam edəcək.

Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirilib.

Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

2021-ci ilin yanvarın 31-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.

XS
SM
MD
LG