Accessibility links

Yaxın Şərqin bir sıra ölkəsi iqtisadiyyatlarının bərpasına başlayıb


Misir, Livan, İran və Tunis də daxil olmaqla, bir sıra Yaxın Şərq ölkəsi uzun müddətdir koronavirus səbəbi ilə bağlı olan iqtisadiyyatlarının bir hissəsinin yenidən açılacağını elan edib. Eyni zamanda Əlcəzair təhlükəsizlik səbəbilə bəzi müəssisələrinin bağlanması qərarına gəlib.

Misir iqtisadiyyatının əsas gəlir mənbəyi olan turizm sektoru ağır böhrana məruz qalıb. Turizm naziri Xalid Əl-Anani bazar günü ərəb mediasına verdiyi açıqlamasında ölkənin beynəlxalq turizmə açılmasından əvvəl daxili turizmin, bölgələrdəki mehmanxanaların tədricən açılacağını deyib.

O bildirib ki, mehmanxanalar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən çamaşırxana, çimərliklər, restoranlar və işçilərlə bağlı qaydalara riayət etmələri ilə bağlı lazımi kağızları doldurduqdan sonra, mayın 15-i tarixindən etibarən normal fəaliyyətlərinin 25 faizə qədərinin bərpasına icazə veriləcək.

Anani yaxın gələcəkdə bəzi şəhərlərarası daxili uçuşların da bərpa ediləcəyini, bundan sonra isə beynəlxalq reyslərin bərpa edilməsi ilə əlaqədar bəzi ölkələrlə müzakirələr aparıldığını deyib.

Livan hökuməti müştərilərinın sayı normal tutumdan 30 faizdən çox olmamaq şərtilə restoran və kafelərin bazar ertəsindən etibarən açılmasına icazə verib. Lakin belə məhdudiyyət şərtləri altında maliyyə itkiləri səbəbindən bir çoxlarının bu təklifi qəbul edəcəyi məlum deyil. Ölkədə çimərliklər və dənizkənarı kurortların da açılmasına icazə verilib.

İran prezidenti Həsən Ruhani bazar günü ölkədə bəzi müəssisələrin tədricən açılacağını və bu həftə bəzi bölgələrdə cümə namazının da bərpa ediləcəyini bildirib.

XS
SM
MD
LG