Accessibility links

“İraqdakı azərbaycanlı qadın və uşaqlarla bağlı Azərbaycan bizə rəsmi müraciət etməyib”


Səid Şorş Xalid
Səid Şorş Xalid

"İraqdakı azərbaycanlı qadın və uşaqlarla bağlı Azərbaycan bizə rəsmi müraciət etməyib. İraqda olan azərbaycanlı uşaqlar və qadınlarla bağlı İraq hökuməti olaraq danışıqlar aparmağa, bu məsələ barədə müzakirələr keçirtməyə hazırıq".

APA agentliynin məlumatına götə bu sözləri İraqın xarici işlər nazirinin müavini Səid Şorş Xalid Bakıda bildirib. O qeyd edib ki, bir çox ölkəyə uşaqlarının geri qaytarılmasında köməklik göstəriblər.

"İraqda qalan 27 uşağın qaytarılmasında Rusiyaya kömək etmişik. Azərbaycanla da bu məsələni müzakirə etməyə hazırıq. Onların geri qaytarılmasına dair qərara gələ bilərik. Bildiyimə görə, Azərbaycan tərəfdən bununla bağlı bizə rəsmi müraciət daxil olmayıb. Müraciət olarsa, əlbəttə ki, danışıqlara hazırıq", İraq xarici işlər nazirinin müavini bildirib.

Bir müddət əvvəl İraqlı deputat Vian Daxil özünün “Twitter” səhifəsində yazıb ki, İraq ordusu İŞİD-lə əlaqədə şübhəli bilinən 512 Rusiya və 200 Azərbaycan vətəndaşı olan qadın saxlayıb. Deputatın bildirdiyinə görə, saxlanılan qadınlar həbsxanaya yerləşdirilib. Daxil qadınların harada və nə vaxt saxlanıldığını açıqlamayıb.

2017-ci il oktyabrın 12-də İŞİD-in işğalından azad edilən ərazilərdə tapılan bir azərbaycanlı uşaq Azərbaycana gətirilib. Abdulla adlı uşaq Azərbaycanda babasına təhvil verilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, son 5 ildə Azərbaycandan İŞİD sıralarına 900-a qədər şəxs qoşulub. Onlardan 151 nəfəri Azərbaycan qayıtdıqdan sonra mühakimə edilib.

2017-ci il oktyabrın 30-da Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla Xarici İşlər Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur.

Nazir deyib ki, ilk növbədə İraq hökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olmaları və gələcək taleləri müzakirə olunacaq.

"Bu məsələ Bağdaddakı səfirliyimiz və konsulluğumuzun daimi diqqət mərkəzindədir. Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İstənilən insanı sadəcə, götürüb ölkəyə gətirmək olmaz. İlk növbədə müvafiq hüquqi məsələlər müəyyənləşdirilməlidir. İraqda 100-dən bir az çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək", Məmmədyarov 2017-ci il oktyabrın 30-da deyib.

XS
SM
MD
LG