Accessibility links

Yəməndə atəşkəsə baxmayaraq şiddətli döyüşlər gedir


Yəməndə hökumət qüvvələri və onun Səudiyyə Ərəbistanının başçılığı koalisiya üzrə müttəfiqləri ilə İranın dəstəklədiyi Huti üsyançıları arasında döyüşlər cümə günündən şənbə gününə keçən gecə atəşkəsə baxmayaraq davam etdirilib.

Şahidlərin verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının başçlıq etdiyi koalisiya paytaxt Sənadan şərqdə Huti qüvvələrini raket atəşinə tutub.

Bütün tərəflər BMT-nin dəstəklədiyi atəşkəsə razı olduğunu bildirib. Bu isə xariclə əlaqəsi kəsilmiş mülki vətəndaşların ehtiyacı olduğu yardımın çatdırılmasına imkan yaradılması deməkdir.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Ould Şeyx Əhməd şənbə günü atəşkəsə əsas etibarilə əməl olunduğunu bildirib və onun davam etdirilməsinə çalışacağını deyib. Lakin döyüşən tərəflərin buna razı olub-olmayacağı ilə bağlı məlumat mövcud deyil.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Ould Şeyx Əhməd
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Ould Şeyx Əhməd

BMT nümayəndəsi atəşkəsi cənubda Səudiyyə Ərəbistanı ilə sərhədə malik Yəməndə iki ildir davam edən vətəndaş müharibəsinə son qoyulması məqsədilə danışıqların başlanılması üçün əsasın yaradılmasına bir imkan kimi dəyərləndirib.

Müşahidəçilər ölkədə vətəndaş müharibəsinin başladaığı vaxtdan yarısı mülki vətəndaş olmaqla 7 min insanın öldüyünü bildirir.

Cümə günü İsmayıl Ould Şeyx Əhməd Səudiyyə Ərəbistanı paytaxtında Yəmənin sürgündə olan vitse-prezidenti Əli Mohsen Əl-Ahmarla görüşüb. O, görüşdən sonra deyib ki, Yəmənin hökumət qüvvələri şiə üsyançı döyüşçülərin atəşkəsi 400-dən artıq halda pozması qarşısında "təmkin göstərir".

Bu, keçən il Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiyanın Yəmənin beynəlxalq ictimaiyyət tərəfindən tanınan prezidenti Abd Rabu Mənsur Hadinin sünni hökumətinə dəstək məqsədilə münaqişəyə müdaxiləsindən sonra atəşkəsə altıncı cəhddir.

Huti üsyançıları Sənada sünni hökuməti illərlə genişmiqyaslı ayrı-seçkilikdə ittiham etdikdən sonra 2014-cü ildə üsyana başlayıb.

XS
SM
MD
LG