Yəmən Prezidenti Əbdürəba Mənsur Hadi səlahiyyətlərindən imtina edib. O, münaqişəyə son qoymaq üçün husi üsyançıları ilə danışıqlar da daxil olmaqla, ölkəyə rəhbərliyi Prezident Şurasına verib.
Dövlətə məxsus SABA xəbər agentliyinin cümə axşamı bildirdiyinə görə, digər yeddi üzvün daxil olduğu şuraya Hadinin müşaviri və keçmiş daxili işlər naziri Rəşad Əl-Alimi rəhbərlik edəcək.
Hadi vitse-prezidentin səlahiyyətlərini də şuraya verib və sülh səyləri ilə bağlı məsləhətləşmələr üçün 50 nəfərlik bir qurum yaradıb.
Husilər 2014-cü ildə Yəmənin paytaxtını ələ keçirdikdən sonra Hadi Səudiyyə Ərəbistanına sürgünə göndərib. 2015-ci ilin əvvəlində Səudiyyə Ərəbistanı Hadini dəstəkləyən hərbi koalisiya yaradıb.
BMT-nin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberq çərşənbə günü keçən həftə müharibə edən tərəflər arasında elan edilmiş iki aylıq barışıq "zorakılığın əhəmiyyətli dərəcədə azalmasına" səbəb olsa da, Yəmənin mərkəzində "düşmənin hərbi fəaliyyətləri" barədə xəbərlərin olduğunu bildirib və tərəfləri atəşkəs rejiminə riayət etməyə çağırıb.
Yəməndəki münaqişə 150 mindən çox insanın ölümünə səbəb olub və Yəmən dünyanın ən ağır humanitar böhranlarından birini yaşayır.
Qərb dövlətləri İranı husilərə yardım etmək üçün Yəmənə qaçaqmalçılıq yolu ilə silah keçirməkdə ittiham edir. İran isə bu ittihamı rədd edir.