Accessibility links

BMT: Yəməndə münaqişə nəticəsində 11 min uşaq ölüb və ya yaralanıb


Birləşmiş Millətlər Təşkilatının bildirdiyinə görə, 2015-ci ildən bəri Yəməndə 11 mindən çox uşaq ya öldürülüb, ya da yaralanıb.

UNICEF-in bəyanatında ehtimal olunan itkilərin daha yüksək olduğu və hesabata yalnız BMT tərəfindən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın münaqişəyə qoşulduğu vaxta aid təsdiqlənmiş insidentlərin daxil edildiyi bildirilir.

"Minlərlə uşaq həyatını itirib, yüz minlərlə uşaq isə qarşısı alına bilən xəstəliklər və ya aclıqdan ölmək riski qarşısında qalır" - deyə, UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib.

İranın dəstəklədiyi husi üsyançıları 2014-cü ilin sonunda Yəmənin paytaxtına nəzarəti ələ keçirib, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə beynəlxalq səviyyədə tanınan hökumətə dəstək məqsədilə 2015-ci ilin əvvəlində hava hücumlarına başlayıb.

Münaqişə Yəmən xalqı üçün fəlakətli nəticələrə gətirib çıxararaq, ölkədə dünyanın ən ağır humanitar böhranlarından birinin yaranmasına səbəb olub.

BMT əhalinin təxminən dörddə üçünün humanitar yardıma və müdafiəyə ehtiyacı olduğunu bildirib.

Qərb dövlətləri İranı husilərə yardım etmək üçün Yəmənə qaçaqmalçılıq yolu ilə silah keçirməkdə ittiham edir. İran isə bu ittihamı rədd edir.

XS
SM
MD
LG