Accessibility links

25 yeni koronavirusa yoluxma qeydə alınıb, 1 nəfər vəfat edib


Koronavirus
Koronavirus

Aprelin 19-da Azərbaycanda 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, ürəyin işemik xəstəliyi, arterial hipertenziya, postinfarkt kardiosklerozu olan 1940-cı il təvəllüdlü vətəndaş vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, hazırkı dövrədək ölkədə 1398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 712 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 667 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95747 test aparılıb.

Ölkədə son günlər virusa yoluxma hallarında kəskin eniş qeydə alınır, sağalma halları isə sürətlə artmaqdadır.

Koronavirusla mübarizə çərçivəsində hökumət martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirləri ləğv edib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib və bu rejim mayın 4-dək davam edəcək.

65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa tətbiq edilib. Martın 31-dən paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə 8103 nömrəsinə SMS məlumat göndərilməlidir. Yalnız SMS sorğusuna müsbət cavab aldıqdan sonra küçəyə çıxmaq mümkündür.

XS
SM
MD
LG