Aprelin 21-də Azərbaycanda 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, şəkərli diabet, hipotireoz və xroniki böyrək xəstəliyi olan 1963-cü il təvəllüdlü vətəndaş ölüb.
Operativ qərargahın məlumatında qeyd olunub ki, Azərbaycanda indiyədək 1480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib:
“Onlardan 865 nəfər müalicə olunaraq sağalıb, 20 nəfər vəfat edib, 595 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 20 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.”
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 102 764 testin aparıldığı bildirilib.
Koronavirusla mübarizə çərçivəsində hökumət martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirləri ləğv edib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib və bu rejim mayın 4-dək davam edəcək.
65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa tətbiq edilib. Martın 31-dən paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.
Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə 8103 nömrəsinə SMS məlumat göndərilməlidir. Yalnız SMS sorğusuna müsbət cavab aldıqdan sonra küçəyə çıxmaq mümkündür.