Accessibility links

Yeni qərarla rusiyalılar ABŞ immiqrant vizaları üçün Varşavaya getməlidirlər


ABŞ-a mühacirət vizası üçün müraciət etmək istəyən Rusiya vətəndaşları bunun üçün ABŞ-ın Varşavadakı səfirliyinə getməlidirlər. Dövlət Departamenti bazar günü bu məlumatı təsdiqləyərək, eyni zamanda Moskvanın tətbiq etdiyi məhdudiyyətləri günahlandırıb.

Hadislərin bu cür inkişafı ABŞ-Rusiya münasibətlərdə gərginliyin həll olunmadığı və bundan öncə Moskvanın ABŞ-ın Rusiyadakı diplomatik heyətinin sayını məhdudlaşdırması ilə nəticələnən ölkələrdən diplomatların çıxarılması fonunda baş verib.

Rusiya ABŞ-ın viza ilə bağlı addımını qınayıb və Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova məsələyə sərt reaksiya verib.

O, Telegram platformasında yazıb ki, amerikalı diplomatlar, uzun müddətdir Rusiyadakı konsulluq xidmətləri sistemini "dağıdaraq" adi bir texniki prosesi "əsl cəhənnəmə" çevirib.

Dövlət Departamenti isə öz növbəsində günahı bütünlüklə Moskvanın üzərinə atıb.

"Rusiya hökumətinin ABŞ-a Rusiyadan və ya üçüncü ölkədən işçiləri saxlamasını, işə götürməsini və ya müqavilə bağlamasını qadağan etməsi konsulluq xidmətləri göstərmə qabiliyyətimizə ciddi təsir göstərir. Hazırda Rusiyadakı konsulluq işçilərinin son dərəcə məhdud olması müntəzəm viza verməyimizə və ya ABŞ vətəndaşlarına xidmət göstərməyimizə imkan vermir" - deyə, Dövlət Departamentinin sözçüsü AFP-ə açıqlamada bildirib.

"Bunun vizaya müraciət edənlər üçün əhəmiyyətli bir dəyişiklik olduğunu başa düşürük", o əlavə edib və onlara səfirliklə görüş təyin etməmiş Varşavaya getməmələri barədə xəbərdarlıq edib.

Bəyanatda qeyd edilib ki, viza sisteminin Varşavaya keçməsi "ideal bir həll" yolu deyil.

"Yaxınlıq, uçuşların mövcudluğu, müraciətçilər üçün rahatlıq ... yerli işçilərimiz arasında rusdilli işçilərin olması da daxil olmaqla bir sıra faktorları nəzərdən keçirdik"- deyə, bəyanatda qeyd edilib.

Varşava Moskvadan təxminən 1200 kilometr (750 mil) uzaqlıqdadır.

ABŞ Dövlət Departamentinin veb saytında Rusiya konsulluq işçilərinin immiqrant viza müraciətlərinə baxmasına maneəçilik törədilən ölkələr siyasına əlavə edilib. Bu siyahıda "ABŞ -ın konsulluq nümayəndəliyinin olmadığı və ya siyasi, ya da təhlükəsizlik vəziyyətinin kifayət qədər kövrək, qeyri-müəyyən olduğu ölkələr" yer alır.

Bu siyahıdakı ölkələrin əksəriyyətinin Kuba, Eritreya, İran, Liviya, Somali, Cənubi Sudan, Suriya, Venesuela və Yəmən də daxil olmaqla ABŞ-la birbaşa əlaqələri yoxdur.

Hər bir tərəfin digər ölkəyə neçə diplomat göndərə biləcəyi ilə bağlı davam edən mübahisə fonunda Rusiya ABŞ-ı Rusiya vətəndaşlarını işə götürmək üçün təsdiq tələb edən "dost olmayan" ölkələr siyahısına daxil edib.

ABŞ-ın bəyanatında deyilir ki, qeyri-mühacir vizalar üçün müraciət edənlər fiziki olaraq bu ölkədə olduqları müddətcə ABŞ-ın hər hansı bir xaricdəki səfirliyinə və ya konsulluğuna müraciət edə bilərlər.

Bu arada, ABŞ-ın Moskvadakı səfirliyi yalnız "diplomatik və ya rəsmi vizalar" təqdim edə biləcək.

XS
SM
MD
LG