Accessibility links

Yeni təyinatlar həm `islahat`, həm də `rus daması` kimi xarakterizə edilir - Fərqli siyasi baxışlar


Yeni təyinatlar-kollaj
Yeni təyinatlar-kollaj

Prezident İlham Əliyevin iyunun 20-də yeni təyinatlarla bağlı sərəncamı müzakirələrə səbəb olub. Prezident daxili işlər naziri Ramil Usubovu Təhlükəsizlik Şurasının katibi, Vilayət Eyvazovu daxili işlər naziri (bundan öncə daxili işlər nazirinin birinci müavini), Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevi müdafiə sənayesi naziri, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevi Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edib.

Prezidentin sərəncamı iqtidaryönümlü siyasətçilər tərəfindən uğurlu islahat kimi qiymətləndirilsə də müxalifət tənqidlə qarşılayıb.

Cəmil Həsənli: `Baş verənlər el arasında "şaşki" kimi tanınan rus damasını xatırladır`

Cəmil Həsənli
Cəmil Həsənli

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli son kadr dəyişkiliyinə istehza ilə yanaşır. .

“Bəzi "politoloqlar" bu dəyişiklikləri şahmatda rokirovka kimi qiymətləndirir. Baş verənlər olsa-olsa el arasında "şaşki" kimi tanınan rus damasını xatırladır. Şaşkidə şahmat kimi uzun-uzadı fikirləşməyə ehtiyac yoxdur. Şaşkinin ən geniş yayılmış növü isə rus damasıdır. Rus damasında vurmalı olduğun figuru vurmaq yaddan çıxanda fokkun var deyib adamın daşını götürürlər. İndi 6 ay bundan öncə ləğv edilmiş Müdafiə Sənayesi Nazirliyinə təyinat vermək rus damasında fokka düşmək kimi bir şeydir. Dövləti prixod idarəsinə çeviriblər. Şəxslərə görə 6 ay əvvəl qapanmış, yerində ayrı bir idarə yaranmış nazirliyi gözbağlayıcılar kimi bərpa edirlər. Şəxslərə və şəxsi sədaqət prinsiplərinə görə dövləti deyil, fərdi xarakter daşıyan sərəncamlar verilir. Görünür Mədət müəllimi silahsız qoymaq mümkün deyil, bundan sonra sınaq meydançalarında tətiyi çəkəcək. DTX-da vuran əli vardı. 3-4 illik rəisliyi dövründə 40-50 nəfəri məhkəməsiz, istintaqsız terrorçu adı ilə qanına qəltan elədi. İnsafən yerinə gələn daha peşəkardır. Ölkədə pambıq istehsalı azalsa da, yəqin ki, səssiz-küysüz baş kəsməyə çatacaq. DİN-in yeni nazirinin isə "Bandotdel"də zəngin iş təcrübəsi var. Adam 2000-ci ildə Polis Akademiyasını bitirib. 2004-cü ildə "Bandotdeldəki" fəaliyyətinə görə general-mayor, 2006-cı ildə isə general-leytenan rütbəsi alıb. Bu təyinatdan sonra bütün DİN-in "Bandotdelə" çevrilmə təhlükəsi istisna edilmir,” Həsənli facebook səhifəsində qeyd edib.

Arif Hacılı: `Kadr yerdəyişmələri Ramiz Mehdiyevin Nikolay Patruşevlə görüşündən sonra baş verib`

Arif Hacılı
Arif Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, son təyinatları nəinki kadr islahatı, kadr dəyişikliyi də adlandırmaq mümkün deyil.

“Bu sadəcə yerdəyişmədir. Çünki, təyin olunanların içərisində yeni adlar yoxdur. Eyni zamanda heç kim vəzifədən tam kənarlaşdırılmayıb. Diqqət yetirilməli məqamlardan biri də kadr yerdəyişmələrinin Ramiz Mehdiyevin Nikolay Patruşevlə görüşündən sonra baş verməsidir. İlham Əliyev "dünya dəyişir, Azərbaycan da dəyişməlidir" sözümüzü bir qədər təhriflə "dünya dəyişir, biz də dəyişirik" şəklində təkrar etsə də görünür ki, nə dəyişmək, nə də heç nəyi dəyişdirmək fikrində deyil. Xalq "Bu vətən bizimdir"- deyib iradəsini ortaya qoymasa heç nə dəyişməyəcək,” Hacılı qeyd edib.

Əli Kərimli: "Dərin islahatlar" elə bu idi?

Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli sual edir ki, adamların tində-bucaqda pıçıldadığı o "dərin islahatlar" elə bu idi?

“Nəticə etibarilə heç kim vəzifəsini itirmədi, komandaya yeni adam da gəlmədi. Bu gün yeri dəyişdirilən şəxslər uzun illərdir ki, müxtəlif güc strukturlarına rəhbərlik edirlər. Toplananların yerini dəyişməklə cəm dəyişməz. Ancaq bugünkü vəzifə təyinatlarında xüsusi diqqət çəkən bir məqam var. İlham Əliyev əvvəlki vəzifəsindən azad etdiyi nazirləri anındaca yeni vəzifəyə təyin etdi. Azad etmə və yeni vəzifəyə təyin etmə sərəncamları eyni vaxtda yayıldı. Azad etmə və təyin etmə qərarları arasında bir az vaxt qalsaydı, görəsən nə olarmış? Komandadaxili etimadsızlıq bu həddədirmi yəni?” Kərimli facebook səhifəsində qeyd edib.

Qüdrət Həsənquliyev: `Ümid edirəm, kadr islahatları davam etdiriləcək`

This image contains sensitive content which some people may find offensive or disturbing.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev
This image contains sensitive content which some people may find offensive or disturbing - Click to reveal
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev prezidentin kadr dəyişikliyi üzrə imzaladığı sərəncamları yüksək qiymətləndirir.

"Prezident peşəkarlığına, cəsarətinə, sadiqliyinə və dürüstliyinə əmin olduğu, sınaqdan çıxmış komanda üzvlərini yeni vəzifələrə təyin edib. Məncə hamı qəbul edər ki, bu təyinatlar zamanı əsas kriteriya yuxarıda qeyd etdiyim keyfiyyətlər olub. Ümid edirəm, kadr islahatları davam etdiriləcək, islahatlar genişləndiriləcək,” Həsənquliyev deyib.

Azər Qasımlı: `Təyinatların heç bir xeyri dəyməyəcək`

Azər Qasımlı
Azər Qasımlı

REAL Partiyasının Məclisnin sədri Azər Qasımlıya görə, son təyinatların əsas iki nəticəsi var.

“Dövlət idarəçiliyində xaosdur və güc strukturları Rusiyanın nəzarətinə keçdi. İslahat, müasirlik, dövlətçilik, müstəqillik` anlayışları Əliyev iqtidarı üçün yaddır. Bu təyinatların dövlətimizə və vətəndaşlarımıza heç bir xeyri dəyməyəcək,” Qasımlı facebook səhifəsində qeyd edib.

Qubad İbadoğlu: `Son təyinatlar rusiya gücünü bir daha nümayiş etdirdi`

Qubad İbadoğlu
Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərakatının rəhbəri Qubad İbadoğlu hesab edir ki, avtoritar rejimlərdə bütün dəyişikliklər fərdi və komanda maraqları çərçivəsindədir.

“Açıq aşkar görsəndi ki, ölkədə struktur və kadr dəyişiklikləri proqram və strateji məqsədlərə deyil, subyektiv yanaşmalara və şəxslərə xidmət edir. Son təyinatlarda rusiya gücünü bir daha nümayiş etdirdi və göstərdi ki, bu sahədə təyinatlar Kremlin razılığı olmadan mümkün deyil,” o facebook səhifəsində yazıb.

XS
SM
MD
LG