Accessibility links

Yeni Zelandiya COVID-19-la bağlı strategiyasından imtina edir


Yeni Zelandiyanın Baş naziri Jasinda Ardern
Yeni Zelandiyanın Baş naziri Jasinda Ardern

Yeni Zelandiya özünün COVID-19-un aradan qaldırılması ilə bağlı strategiyasından imtina edir.

"Bu, bizim hər zaman etmək istədiyimiz bir dəyişiklikdir. Delta epidemiyası bu keçidi sürətləndirdi. Peyvəndlər bunu dəstəkləyəcək” - deyə, ölkənin Baş naziri Jasinda Ardern bazar ertəsi bildirib.

Çox yoluxucu Delta variantının gəlişi ölkənin keçən il olduğu kimi COVID-19 hallarının sayını sıfıra endirmək uğurunu təkrarlamasını çətinləşdirib. Bazar ertəsi rəsmilər 29 yeni yoluxma halının qeydə alındığını bildirib.

Yeni Zelandiyanın COVID-19-a yoluxma hallarının əksəriyyəti 50 gün karantində olan Oklandda qeydə alınıb.

"Aydındır ki, uzun müddət davam edən ağır məhdudiyyətlər bizi sıfıra endirmədi. Ancaq eybi yoxdur, karantin vacib idi, çünki biz peyvənd etməmişdik. İndi edirik. Beləliklə, yolumuzu dəyişdirməyə başlaya bilərik" - deyə, Ardern mətbuat konfransı zamanı bildirib.

Yeni Zelandiya sentyabrın əvvəllərində COVID-19 məhdudiyyətlərini bütün ölkə boyu yumşaltmağa qərar vermişdi. Lakin bu yeni yumşaltmalar ölkənin ən böyük şəhəri Oklanda şamil edilməmişdi. Belə ki, pandemiyanın episentri hesab edilən şəhərdə avqust ayında 58 yaşlı bir şəxsin virusun Delta variantına yoluxmasıyla yeni dalğa başlamışdı.

Cons Hopkins Koronavirus Araşdırma Mərkəzi Yeni Zelandiyada koronavirusa 4383 yoluxma, 27 ölüm halının qeydə alındığını bildirib.

XS
SM
MD
LG