Yeni Zelandiya Kraysçörç şəhər rəsmiləri ötən cümə iki məsciddə bir ağdərili tərəfindən törədilən kütləvi qətliamda həlak olan 50 nəfərin dəfn edilməsi üçün onları ailələrinə verməyə başlayıb.
Polis cəsədlərin hər birinin üzərində otopsinin başa çatdırıldığını, lakin onlardan yalnız 12-nin kimliklərinin rəsmi olaraq müəyyən edildiyini və altısının ailələrinə qaytarıldığını bildirib.
Çərşənbə axşamı Kraysçörç polisinin bəyanatında bildirilib ki, “baxmayaraq ki, insanların kimliyinin müəyyən edilməsi asan səslənir, reallıqda bu göründüyündən daha mürəkkəb prosesdir. Əsasən də belə bir vəziyyətdə.”
İlkin siyahının qurbanların qohumları ilə bölüşdürülməsinə baxmayaraq, qurbanların adları hələlik ictimailəşdirilməyib.
Gözləmə prosesi ailə üzvlərini dəfn etmək istəyən matəm içində olan ailələrin daha da çox kədərlənməsinə səbəb olur. İslam qaydalarına görə insan vəfat etdikdən sonra mümkün qədər tez bir zamanda cəsəd təmizlənərək dəfn edilməlidir.
Bəziləri Avstraliyadan olmaqla, təxminən 60 könüllü dəfn prosesində kömək etmək məqsədi ilə əraziyə gəlib.
Yeni Zelandiyanın baş naziri bildirib ki, kəşfiyyat və təhlükəsizlik işçiləri hücumdan sonra əlavə məlumatlar üzərində işləyir.
Çərşənbə axşamı baş nazir 50 nəfəri qətlə yetirmiş şəxs vəkilin onu məhkəmədə təmsil etməsindən imtina etdikdən və məhkəmədə onun özünü təmsil etmək istəməsindən sonra qanunvericilərlə danışıb.
“O, terrorçudur. O, cinayətkardır. O, ekstremistdir. Amma mən onun adını çəkməyəcəm. Mən digər insanlardan da qatilin adını məşhurlaşdırmaları əvəzinə, həlak olmuş insanların adlarını hallandırmalarını istəyirəm. O ola bilsin ki, bunu etməklə məşhur olmaq arzusunda idi. Amma burada, Yeni Zelandiyada biz ona heç bir şey verməyəcəyik” – deyə, baş nazir Casinda Ardern bildirib.
Qatilin məşhurlaşmaq arzusu onun qətliyamdan əvvəl 74 səhifəlik uzun manifest hazırlaması və Əl Nur məscidinə etdiyi hücumdan görüntüləri canlı yayımlamasından müəyyən olunub.
Facebook hücumdan sonra 24 saat ərzində hücumun əks etdirildiyi 1 milyondan çox video versiyaları səhifəsindən yığışdırmasına baxmayaraq, Ardern videonun hadisədən dörd gün sonra, dünənə qədər internetdə olmasından məyus olduğunu dilə gətirib.