Accessibility links

Azərbaycanda yeni il təbrik və müraciətləri [Baxışlar]


2014-cü il
2014-cü il

Azərbaycan prezidenti 2013-cü ili uğurlu, müxalifət isə uğursuz sayır

Azərbaycanda 2014-cü ilin gəlişi münasibəti ilə ölkə prezidenti və siyasi partiya liderləri xalqa təbrik və müraciətlər imzalayıb.

Prezident Əliyevin təbrikində 2013-cü il çox uğurlu, müxalifətin müraciətində isə çox uğursuz olub.

Bütün təbrik və müraciətlərdə ölkənin önəmli problemi kimi Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması qeyd edilib.

Müxalifətin müraciətlərində ölkədə demokratik azadlıqlar, - şəffaf seçkilərin, söz, fikir, media, toplaşmaq azadlıqlarının təmin olunmaması, siyasi məhbuslar məsələsi də qarşıda duran əsas problem kimi göstərilir.

Prezident Əliyev isə azadlıqlar sahəsində ciddi irəliləyişlərin olduğunu, korrupsiyaya qarşı mübarizənin daha da genişləndiriləcəyini qeyd edir.

Prezident Əliyev təbrikində bildirir ki, 2013-cü ildə ölkənin dinamik inkişafı təmin edilib.

“Qarşımızda duran bütün məsələlər öz həllini tapmış və ölkəmizin hərtərəfli inkişafı davam edilmişdir”, o qeyd edir.

Dövlət başçısı dünyada beynəlxalq hüquq normalarının pozulduğunu deyib.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bunu bir daha göstərir. Əfsuslar olsun ki, bizim torpaqlarımız uzun illər işğal altındadır. Beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir”.

Eyni zamanda president deyib ki, Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları sırasındadır.

“Bu istiqamətdə hələ görüləcək işlər çoxdur, islahatlar davam etdirilməlidir. Ancaq deyə bilərəm ki, ölkəmizin hərbi potensialı kifayət qədər güclüdür”.

İqtisadi siyasətə gəldikdə, bu sahədə son on il ərzində Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmayıb..

“Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmışdır ki, bu, dünya miqyasında ən böyük göstəricidir. Bir milyon 200 mindən artıq yeni iş yeri açılmışdır. Yoxsulluğun azaldılmasında böyük nailiyyətlər əldə edilmişdir. Hazırda yoxsulluğun səviyyəsi beş faizdən bir qədər çoxdur. İşsizliyə qarşı mübarizə gözəl nəticələr vermişdir. Azərbaycanda işsizliyin səviyyəsi beş faizdən aşağıdır”.

Dövlət başçısı deyib ki, ölkədə siyasi islahatlar davam etdirilir və davam etdiriləcəkdir.

“Azərbaycanda demokratik cəmiyyətin qurulması istiqamətində çox müsbət addımlar atılır, qanunun aliliyi təmin edilir, bütün azadlıqlar vardır. Azərbaycan siyasi islahatların aparılması istiqamətində də qabaqcıl ölkələrin birinə çevrilməkdədir”.

Cəmiyyəti ən çox narahat edən korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə 2013-cü ildə daha da böyük miqyasda aparılıb.

“Biz daha da böyük uğurlara nail olmuşuq. Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Burada həm cəza tədbirləri, inzibati tədbirlər öz rolunu oynayır, eyni zamanda, sistem xarakterli islahatlar da bu sahədə böyük irəliləyişə nail olmaq üçün bizə imkan yaratmışdır”, Əliyev qeyd edib.

Prezident hesab edir ki, neft-qaz sektoru ölkənin gələcək inkişafı üçün çox böyük məna daşıyır.

“TAP layihəsi artıq əsas qaz ixrac marşrutu kimi təsdiq edilmişdir. 2012-ci ildə Trans-Anadolu qaz kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilmişdir və bu il bu istiqamətdə böyük işlər görülmüşdür. Dekabrın 17-də “Şahdəniz-2” layihəsinə start verildi. Bu, tarixi layihədir, tarixi hadisədir. Bu layihə XXI əsrin layihəsidir, Avropanın ən böyük infrastruktur və ən böyük enerji layihəsidir. TANAP, TAP, “Şahdəniz-2” layihələri Azərbaycanın tarixi uğurudur, tarixi nailiyyətidir”.

Dövlət başçısı 2013-cü ildə prezident seçkilərinin azad, ədalətli şəkildə keçirildiyini bildirib.

“Seçkiləri müşahidə edən xarici qonaqlar seçkilərə çox yüksək qiymət vermişlər. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı seçkilərin keçirilməsinə yüksək qiymət vermişdir. Seçkilərdə Azərbaycan xalqının iradəsi tam şəkildə öz əksini tapmışdır. Mənə yenidən böyük diqqət və dəstək göstərdiyi üçün doğma xalqıma minnətdaram”.

Milli Şuranın sədri Cəmil Həsənli isə dövlət başçıısının təbrikinə münasibət bildirib. Həsənlinin Facebook səhifəsində yaydığı şərhində deyilir ki, əcaba, bu necə güclü dövlətdir ki, onun bir milyona yaxın vətəndaşı 20 ildən artıqdır həyatın dibində cəhənnəm əzabı çəkir və 10-15 manatlıq çörək puluna möhtacdır.

“Əcəba, bu necə güclü ordudur ki, 20 ildir onun qorumalı olduğu Vətənin 20 faizi düşmən tapdağı altındadır. Bu 20 ildə Azərbaycan hakimiyyəti Sumqayıtın icra başçısının ali baş komandanın doğum gününə hazırladığı tortun uzunluğu qədər vətən torpağını düşmən tapdağından azad edə bilmədi. Budurmu güc?!”, o qeyd edib.

Müsavat Partiyasının başqanı İsa Qəmbər 2014-cü ili qəzəblə qarşıdağını bildirib. O Facebook səhifəsində bu müraciıəti yayıb.

“2014 gəldi. Qəzəbliyəm- olanlara, keçənlərə, torpağımızın işğal altında, dostlarımızın, silahdaşlarımızın, gənclərimizin zindanda olmasına.

İnanclıyam--Allahıma, xalqıma, vətəndaşıma, dostuma, silahdaşıma, özümə.
Qəzəb intiqama, inam arxayınlığa səbəb olmamalıdır, hər ikisindən-qəzəbdən də, inamdan da ölkəmizi yaxşılığa doğru dəyişmək üçün güc almalıyıq.

2014 bizim il olmalıdır, xalqın ili!

Bunun belə olması üçün əlimdən gələni edəcəm.Hər kəsi də buna çağırıram”, Müsavat başqanı qeyd edir.

AXCP sədri Əli Kərimli Qarabağ qazisinin özünü yandırmasına işarə edərək Facebook səhifəsində yazır ki, məlum səbəblərdən bu il xeyli soydaşımız bayram əhval-ruhiyyəsində deyil.

“2013-cü il çox mürəkkəb, ziddiyyətli il oldu. Demək olar ki, əsgər ölümlərilə başlayıb, Qarabağ qazisinin faciəli ölümü ilə başa çatdı. Mən də bu il ətraflı və rəsmi bayram təbriki yazmadım. Amma hər halda 2014-cü ili yeni ümid və arzularla qarşılayırıq.

Dostlar, yeni ildə hamınıza can sağlığı, ailə səadəti, şəxsi və ictimai arzularınızın gerçəkləşməsini arzu edirəm. Arzu edirəm ki, həyatda özünüzü reallaşdıra biləsiniz. Arzu edirəm ki, 2014-cü il dövlətimiz və millətimiz üçün də uğurlu olsun!

Çox istərdim ki, azadlıq, ədalət, Azərbaycan uğrunda həmrəy ola bilək!” , Kərimli bildirir.
XS
SM
MD
LG