Accessibility links

Yerevan polisi hökumət əleyhinə etiraz aksiyalarında yüzlərlə insanı saxlayıb


Yerevan, 17 may 2022

Ermənistan polisi baş nazir Nikol Paşinyanı vəzifəsindən uzaqlaşdırmaq üçün müxalifətin rəhbərlik etdiyi nümayişlərin davam etdiyi vaxt Yerevanda küçələri bağlamağa cəhd edən yüzlərlə etirazçını saxlayıb.

Müxalifətin aprelin 17-dən bəri təşkil etdiyi nümayişlərdə Paşinyan Dağlıq Qarabağ regionu ilə bağlı Azərbaycanla aparılan danışıqlar zamanı yolverilməz adlandırılan güzəştlərə görə ittiham edilərək, ictimaiyyət vətəndaş itaətsizliyi aksiyalarına çağırılıb.

Paşinyan ötən ay Azərbaycan prezidenti İlham Əliyevlə Brüsseldə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh müqaviləsi layihəsinin hazırlanmasına başlamaq və onların ümumi sərhədlərinin demarkasiyası üzrə birgə komissiya yaratmaq barədə razılığa gəldikdən sonra ciddi tənqidlərlə üzləşib.

Mayın 17-də səhər saatlarında yüzlərlə müxalifət tərəfdarı Yerevanın mərkəzində küçələri bağlamağa cəhd edib.

Ermənistan polis idarəsi “hüquq-mühafizə orqanlarının qanuni tələblərinə tabe olmayan 286 nəfərin” saxlanıldığını bildirib.

Bir neçə saat sonra Azadlıq Radiosunun erməni xidməti saxlanılanların sayının 400-ü keçdiyi haqda məlumat verib.

Ötən gün polis Yerevanda avtomobil yürüşündə iştirak edən 100-ə yaxın sürücünü saxlayıb.

Azərbaycan sülh sazişinin bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxil olmaqla beş elementə əsaslanmasını istəyir.

Paşinyan elementlərin prinsip etibarilə Yerevan üçün məqbul olduğunu açıq şəkildə bəyan edərək, Ermənistan müxalifətinin Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanımağa hazır olması ilə bağlı iddialarını gücləndirib.

XS
SM
MD
LG