Accessibility links

Yerli media prezidentin keçmiş köməkçisinin ailəsinə məxsus olduğu iddia edilən şirkətlərin vergi borcunu dərc edib


Əli Həsənov
Əli Həsənov

Yerli media Azərbaycan prezidentinin keçmiş köməkçisi, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri olmuş Əli Həsənоvun ailəsinə məxsus olduğu iddia edilən şirkətlərin bir qisminin vergi borcu ilə bağlı məlumat dərc edib.

Report agentliyinin məlumatına görə, Həsənovun ailə üzvlərinə məxsus şirkətlərin ümumi vergi borcu 208 096,72 manat təşkil edir.

Agentlik Həsənovun ailəsinə məxusus olduğu iddia edilən 12 şirkətin adını dərc edib. Dərc edilən şirkətlərin əksəriyyəti media, teleradio, təhsil sahəsinə aiddir.

Ən çox vergi borcu olan, “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC-dir. Bu MMC-nin vergi borcu cəmi 182 055,86 manat təşkil edir.

“Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC istisna olmaqla qalan şirkətlər Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanında dövlət qeydiyyatına alınıb. Onlara əsasən, Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir,” agentlik yazır.

Adı vergi borcunda hallandırılan şirkətlərin birindən Amerikanın Səsinə bildiriblər ki, vergi borcu ilə bağlı Əli Həsənovun və onun ailəsinin adının hallandırılması düzgün deyil.

“Əli Həsənov biznes fəaliyyəti ilə məşğul olmayıb və hazırda da məşğul deyil. Bu səbəbdən də vergi borcu ilə bağlı adı hallanan şirkətlərin rəhbərlərinə sual yönləndirmək lazımdır ki, borc hansı səbəbdən yaranıb,” şirkətin əməkdaşı Amerikanın Səsinə bildirib.

Vergi borcunda adı hallanan digər şirkətlərdə isə qeyri-iş vaxtı olduğuna görə telefonlara cavab verən şəxslər yoxdur.

Əli Həsənov 2005-2019-cu illərdə Azərbaycan Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri və sonra Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi işləyib. 2019-cu il noyabrın 29-da vəzifədən azad edilib. O, birinci dərəcəli dövlət müşaviridir, çoxsaylı təltifləri var.

Əli Həsənov vəzifəsindən uzaqlaşdırıldıqdan sonra mətbuat orqanları onun tənqidinə daha çox yer ayırır.

Bu gün isə Baş Prokurorluq Həsənovun nəzarətində olduğu bildirilən Prezident yanında Kütəvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna qarşı Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda büdcə vəsaitindən məqsədli istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarının qanunsuz keçirilməsi) maddələri üzrə istintaqa başlandığı barədə məlumat yayıb.

Baş Prokurorluğun məlumatına görə, sui-istifadə halları KİV-ə dəstək üzrə proqram və layihələrin həyata keçirilməsi, qəzetlərə maliyyə yardımının bölüşdürülməsi, tikinti normalarına əməl olunmaması, obyektlərin dəyərinin şişirdilməsində və s. ilə aşkar edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG