Yunanıstanın Evia adasının şimal hissəsini bürüdükdən təxminən iki həftə sonra, bazar ertəsi səhər saatlarında adanın cənub hissəsində meşə yanğını baş verib. Yanğınla mübarizəyə su təyyarələri və çox sayda yanğınsöndürmə qrupları qalxıb.
Afina Xəbər Agentliyinin bildirdiyinə görə, yanğın iki məhəllənin boşaldıldığı Figiya kəndi yaxınlığında baş qaldırıb və Marmari sahilindəki turist kəndi istiqamətində irəliləyib.
Yunanıstanın yanğınsöndürmə qrupu bölgədəki güclü küləklərin yaratdığı alovlarla mübarizəyə 46 yanğınsöndürən, 20 yanğınsöndürmə maşını, üç su təyyarəsi və iki helikopterin qatıldığını bildirib.
Rəsmilər Marmarinin yaxınlığında yardım qayıqlarının gözlədiyini bildirib. Evia adası paytaxt Afinadan şimal-şərqi istiqamətdə yerləşir.
Mülki müdafiə orqanları bazar ertəsi Yunanıstanın bir çox bölgəsində "yanğın riskinin çox yüksək" olacağı barədə xəbərdarlıq edib.
İyuldan bəri davam edən meşə yanğınları Evia və Rodos adalarını, Afinanın şimal və cənub-şərqindəki meşələri, eləcə də Peloponnes yarımadasının bir hissəsini məhv edib. Yanğınlar nəticəsində 3 nəfər ölüb.
Hökumət təbii fəlakətin ölkədə onilliklər ərzində müşahidə edilməyən şiddətli isti hava şəraiti səbəbindən baş verdiyini deyir.
İqlim mütəxəssisləri ekstremal hava şəraitinin və şiddətli yanğınların insan fəaliyyəti nəticəsində baş verən qlobal istiləşmə səbəbindən getdikcə daha çox artacağı barədə xəbərdarlıq edir. Onlar yanğınla mübarizə aparmaq üçün komandalar, avadanlıq və siyasi strategiyaya investisiyların artırılmasına ehtiyac olduğunu bildirir.