Accessibility links

Yunanıstan peyvənd vurdurmayan yaşlı vətəndaşlarına cərimə tətbiq edəcək


Yunanıstan höküməti ölkədə yoluxmaların artması fonunda səhiyyə sisteminin yüklənməsi səbəbindən 60 və yuxarı yaşda olan vaksin vurdurmamış insanlar üçün cərimlər tətbiq etməyə başlayır.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Nazirlər Kabinetinin təcili iclasından sonra qərarı elan edərkən açıq şəkildə narahat olduğunu bildirib.

O deyib ki, qərar qəbul etməkdən şəxsən narahat olduğunu gizlədə bilmir. Lakin o izah edib ki, həssas qrupları qorumaq üçün bunu etməyə məcburdur, hətta bu qərar onları incitsə belə.

Yeni qaydalara əsasən, yaşı 60-dan yuxarı olan yunanlar peyvənd edilməli, əks halda ölkənin vergi orqanları gələn aydan etibarən 113 dollar məbləğində cərimə tətbiq edəcək.

Çərşənbə gününə olan məlumata görə, Yunanıstan hələ ki, virusun Omikron variantını qeydə almayıb. Lakin peyvənd olunmamış insanların qapalı restoranlara, idman zallarına və teatrlara daxil olmasını qadağan edilməsinə baxmayaraq, ölkədə COVID-19-a yoluxmalar rekord həddə çatıb.

Yeni qərar bəzi yunanlar üçün nə qədər kədərli hal olsa da, Mitsotakis bunun cəza tədbiri olmadığını bildirir.

Yunanıstan lideri bildirib ki, qərarın məqsədi yaşlı vətəndaşları peyvənd vurdurmaq üçün səfərbər etməkdir. O, bunun bir çox insanın həyatını xilas edəcəyinə şübhə etmədiyini bildirib.

Yunanıstanın on bir milyonluq əhalisinin təxminən 63 faizi tam peyvənd olunub. Aİ üzrə bu göstərici orta hesab 66 faizdir.

Hökumət rəsmiləri Amerikanın Səsinə bildiriblər ki, Omikron variantının bütün qitəni əhatə etməsi fonunda Mitsotakisin qərarı ölkənin onsuz da zəif olan iqtisadiyyatına zərər verə biləcək başqa bir ümummilli blokadadan qaçmaq üçün ən son addımın bir hissəsidir.

XS
SM
MD
LG