Accessibility links

Yunanıstan və Fransa 2.8 milyard dollarlıq döyüş təyyarəsi müqaviləsini yekunlaşdırdı


Yunan hava qüvvələri üçün 18 Rafale döyüş təyyarəsinin alınması üçün Yunanıstan və Fransa 2.8 milyard dollarlıq müqavilə imzalayıb. Bu anlaşma daha böyük silah alma proqramının bir hissəsidir. Sözləşmə Yunanıstanın Aralıq dənizinin şərqindəki enerji hüquqları ilə bağlı Türkiyə ilə artan mübahisəni həll etmək üçün müzakirələrə başladığı vaxta təsadüf edib.

Müqavilə Yunanıstanı Fransanın Dassault şirkəti tərəfindən hazırlanan ən müasir Rafale qırıcı təyyarələrini əldə edən ilk Avropa ölkəsi edib.

Bu, Yunanıstanın 10 illik maliyyə böhranından çıxmasından bəri ən böyük hərbi alışıdır. Böhran zamanı hərbi xərclər kəskin şəkildə azaldılmışdı.

Bazar ertəsi imzalanan razılaşmanın ilk partiyası iyul ayında veriləcək altı yeni və 12 istifadə edilmiş Rafale döyüş təyyarəsinin alınmasını əhatə edir. Onların hər biri döyüş raketləri ilə təchiz ediləcək. Yunan döyüş pilotları da Fransada xüsusi təlim keçəcək.

Ölkənin müdafiə naziri Nikos Panagiotopulos yeni döyüş təyyarələrinin Yunanıstanın təxminən 30 il əvvəl satın aldığı Fransa istehsalı olan “Mirage” təyyarələrini əvəz edəcəyini deyib.

Fransa uzun müddətdir Yunanıstanın müdafiə tədarükçüsüdür.

"Rafale təyyarələrinin seçimi Yunanıstan ilə Fransa arasındakı strateji əlaqələri və Fransanın Yunanıstanı təmin etməyə davam edən dəstəyini əks etdirir" - deyə, Panagiotopulos qeyd edib.

Fransa Türkiyə ilə enerji mübahisəsində Yunanıstanın tərəfində dayanaraq Ankaranın Egey dənizi və Aralıq dənizinin şərqindəki sərhəd və qazma hüquqları olması kimi məsələlərdə narazılığını ifadə edib.

XS
SM
MD
LG