Yuta magistral yolunda sürətlə gedən avtomobili saxlayan polis sükan arxasında 5 yaşlı uşağın olduğunu görüb.
Polis zabiti Rik Morqan çərşənbə axşamı jurnalistlərə verdiyi açıqlamasında sürətlə irəliləyən bir nəqliyyat vasitəsinin yol xətlərini pozaraq irəlilədiyini görəndə sürücünün tibbi yardıma ehtiyacı olduğunu düşündüyü üçün onun arxasınca getməyə məcbur olduğunu bildirib. O, sürücünün polis avtomobilinin işığına məhəl qoymadığınıl, avtomobili yalnız sirenanın səsini eşirdikdən sonra saxladığını deyib.
Morqanın dediyinə görə, o, nəqliyyat vasitəsinə yaxınlaşdıqda tibbi yardıma ehtiyacı olan bir yetkin adam əvəzinə sükan arxasında balaca bir uşaq görüb. O, 5 yaşındakı oğlan uşağının ayağının pedallara çatması üçün oturacağın kənarında oturduğunu deyib.
Uşaq polis zabitinə Kaliforniyadakı bacısının yanına getdiyini, digər polis işçisinə Lamborghini idman maşını almaq istədiyini deyib. Hadisə baş verən zaman uşağın cibində 3 dollar olub.
Hadisə yerinə gələn valideynlər polisə övladlarının əvvəllər heç vaxt avtomobil sürmədiyini deyib. Onlar uşağı və nəqliyyat vasitəsini götürüb evlərinə qayıdıb. Heç kimə qarşı ittiham irəli sürülməyib.