Accessibility links

Zəfər Əhmədov: İnsan hüquqları ilə bağlı vəziyyət gündən-günə pisləşir


Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insan hüquqlarının son vəziyyəti, siyasi məhbus məsələsində olan durğunluqdan, eləcə də işgəncə faktlarından danışıb.

Zəfər Əhmədov: İnsan hüquqları ilə bağlı vəziyyət gündən-günə pisləşir
please wait

No media source currently available

0:00 0:07:58 0:00

Amerikanın Səsi: Bəzi müşahidəçilər son zamanlar siyasi məhbus məsələsinə cəmiyyətdə, o cümlədən beynəlxalq təşkilatların marağının azaldılmasıni qeyd edir. Siz bu fikirlə razısınızmı?

Zəfər Əhmədov: Razıyam, həqiqətən elədir. 2019-cu il mart əfvindən sonrakı bizim şərti olaraq adlandırdığımız ulduz məhbusların bir çoxu çıxdı. Bundan sonra maraq bir xeyli azalıb beynəlxalq təşkilatlar tərəfindən, cəmiyyət tərəfindən. Ən pisi də budur ki, az-çox əlaqə saxlayıb hansısa bir siyasi məhbuslara köməklik eləyə bildiyimiz təşkilatların da kəskin surətdə diqqəti azalıb bu sahəyə.

Amerikanın Səsi: Ümumiyyətlə ölkədə insan hüquqları ilə bağlı vəziyyət necədir, vətəndaşlar daha çox nədən şikayətlənir?

Zəfər Əhmədov: İnsan hüquqları ilə bağlı vəziyyət gündən-günə pisləşir. Özünüz də şahidsiniz bu gün Azərbaycanda demək olar ki, ümumiyyətlə insan hüquqlarında hansısa tendensiyadan danışmaq mümkün deyil. Bu aiddi həm repressiyalara, işgəncələrə, siyasi məhbus sferasına həm də bütün qalan başqa məsələlərə. Yəni məmur özbaşınalığı, qadın qətlləri. Ümumiyyətlə bu sahədə vəziyyət gündən günə pisləşir. Bunun da müxtəlif səbəbləri var. Yəqin ki, bunu qısa izah eləmək çox çətindir. Amma ümumi desək bunun da səbəbi ölkədə insan hüquqlarının prioritet olmamasıdır. Bütün sahələr yəni qalan sahələr bundan daha prioritetdir. Nə qədər ki, bir fərdin qorunması dövlətin prioriteti olmayıb orada hansısa sosial qrupun, cəmiyyətin qorunmasıdan danışmaq olmaz. Səbəb də budur.

Amerikanın Səsi: Azərbaycanda işgəncə faktları varmı? Bu faktlar nə dərəcədə əsaslıdır?

Zəfər Əhmədov: Məsələ burasındadır ki, biz işgəncə faktları deyəndə cəzaçəkmə müəssisələrində , saxlanılma yerlərində olan işgəncələrdən danışırıq. Qalan sahələrdə özümüzü görməməzliyə vururuq. Yəni bütün cəmiyyətdə belə bir zor, güc əgər prioritet sayılırsa, cəmiyyətin, dövlətin idarə olunması aydın məsələdir ki, elə hər yerdə də bu işgəncə faktları olacaq. Yəqin ki, AXCP fəalı Əlzamin Salayevlə bağlı məlumatınız var. Ümumiyyətlə siyasi məhbusa zor tətbiq olunması yəni müəssisə rəyisi özü işgəncə verir. Bax bu özü dözülməzdir. Elə təsürat yaranır ki, kiminsə gözünü qorxutmaq istəyirlər. Belə təzyiqlər çox böyük təəssüf doğurur. Həqiqətən də işgəncələr artıq kritik həddə çatıb. Bütün beynəlxalq təşkilatlar da bundan narahatdır. Biz artıq bilmirik hansı əlavə tədbirləri görmək lazımdır. Bu işi görənlər, göstəriş verənlər cəzalandırılmalıdır.

Amerikanın Səsi: Hal-hazırda insanlar daha çox hansı fəaliyyətlərinə görə siyasi motivli təqiblərə məruz qalır?

Zəfər Əhmədov: İnsanlar adi söz dediklərinə görə, söz danışdıqlarına görə.Yəni burada siyasilər, ictimai sektor, feminist qruplar da var. Təsirlər də artıq müxtəlif təsirlərdir. İndi ola blsin ki, son vaxtlar son hay küylü həbslərlə qarşılaşmırıq.Əslində qarşılaşırıq. Sadəcə hamısı ortaya gətirilib işıqlanmır müxtəlif səbəblərdən. Amma bilirsiniz burada başqa məsələ də var. Məsələn dini fəaliyyətinə görə. Aydın məsələdir karantin tədbirləri və s. Bunun da bir həddi olmalıdır, qaydaları olmalıdır. Necə ola bilər ki, hansısa konsertdə 300 -500 nəfər otursun. Amma deyək bir təziyə məclisində kifayət qədər məsafə olduğu halda onlara qarşı dözülməz formalı repressiyalar olur. Elə son vaxtları götürək. Profillərin oğurlanması, sosial şəbəkə iştirakçılarına qarşı müxtəlif formada olan təzyiqlər, Pegasus məsələsindən tutmuş bugünkü günəcən İctimai fəalların profilləri elə formada oğurlanır ki, biz özümüz də bunun sonuna çıxa bilmirik. Belə çıxır ki, fəalların cihazları özü hakimiyyətin əlindədir.

Amerikanın Səsi: Sizin hesablamalarınıza görə ölkədə neçə siyası məhbus var?

Zəfər Əhmədov: Biz onu hesablamırıq. Bizim Müdafiə Xətti təşkilatı onunla məşğul olmur, prinsipial olaraq məşğul olmur. Səbəb də bu idi ki, müxtəlif siyahılar olanda beynəlxalq təşkilatlarda da ,ölkə içində də anlaşılmazlıq yaranır. Belə alındı ki, biz ancaq Sülh və Demokratiya İnstitutunun siyahısına əsaslanırıq. Vahid siyahı keçən ildən təzələnməyib. O siyahıda 121 nəfər idi. İndi 120 nəfər oldu. Ola bilsin ki, indi məhkəmələr gedir say dəyişəcək.

Amerikanın Səsi: Bu problemin köklü həlli üçün hansı addımlar atılmalıdır?

Zəfər Əhmədov: Bu problem yəni insan hüquqları sahəsində addımlar deyil. Bircə addım atılmalıdır. Sadəcə dövlət bir fərdin hüququnun prioritet olduğunu özü üçün qəbul etməlidir. Qalanı ondan sonradır. Amma belə bir istək yoxdursa , siyasi iradə yoxdursa onda bu sahədə dəyişikliyi gözləməyə dəyməz.

Qeyd: Azərbaycan hökuməti bir qayda olaraq insan hüquqlarının pozulması ilə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Rəsmi Bakı ölkədə insanların qanunvericilik qarşısında bərabər olduğunu, fundamental hüquq və azadlıqların tam təmin edildyini bildirir. Daxili İşlər Nazirliyi, Penitensiar Xidmət insanlar saxlanılarkən, istintaq zamanı və həbs yerlərində qeyri-insani rəftarla bağlı xəbərləri bir qayda olaraq təkzib edir. İşgəncə ilə bağlı tənqidlər isə ümumiyyətlə qəbul edilmir. Bu kimi ittihamları rəsmi qurumlar böhtan və şantaj sayır.

XS
SM
MD
LG