Accessibility links

Zərif Trampa hədə əvəzinə hörmət göstərməyi tövsiyə edib


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ prezidenti Donald Trampa hədə gəlmək əvəzinə “hörmət göstərməyə çalışmağı” tövsiyə edib.

Zərif bu açıqlamanı Trampın bazar günü Twitter sosial şəbəkəsində yazdığı mesajına cavab olaraq verib.

“Əgər İran döyüşmək istəyirsə, bu, İranın rəsmən sonu olacaq. Bir də Birləşmiş Ştatlara hədə gəlməyin!”, Tramp Twitter səhifəsində yazıb.

İran xarici işlər naziri deyib ki, Tramp milli təhlükəsizlik müşaviri Con Bolton və İsrailin baş naziri Benyamin Netanyahu da daxil olmaqla, qrupun təzyiqləri altında “digər aqressorların edə bilmədiyinə” nail olmağa çalışır.

“İranlılar minilliklər boyu aqressorlar getdiyi halda ayaqda dura biliblər. İqtisadi terrorizm və soyqırım təzyiqləri İrana son qoymayacaq”, Zərif bildirib.

Tramp keçən həftə İranla bağlı daha kəskin mövqeyindən geri çəkilərək, danışıqlara açıq olduğunu deyib.

Ağ Evdə müxbirlərlə söhbətində Birləşmiş Ştatların İrana qarşı müharibəyə başlayıb-başlamayacağı haqda sualın cavabında “mən ümid edirəm, yox” deyib.

Lakin buna baxmayaraq, Birləşmiş Ştatlar və İran arasında gərginliklərin azalmasına heç bir işarə yoxdur.

ABŞ və İran arasında gərginliklər keçən il Trampın Birləşmiş Ştatların Tehranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını elan etməsindən sonra daha da artıb.

Tehran və dünyanın altı qüdrətli dövləti arasında imzalanmış müqaviləyə əsasən, İran beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində uran zənginləşdirilməsi proqramını məhdudlaşdırmalı idi.

Bu məhdudiyyətlər İranın nüvə silahları inkişaf etdirməməsi məqsədilə tətbiq edilmişdi. İran nüvə silahları inkişaf etdirdiyini rədd edirdi.

Tramp keçən həftə Fox tele kanalına müsahibəsində deyib ki, İrana gəldikdə o, müharibə etmək istəmir, lakin “onların nüvə silahları əldə etməsinə imkan vermək olmaz”.

Birləşmiş Ştatların nüvə sazişindən çıxmasından sonra Tehrana qarşı ABŞ sanksiyalarının yenidən bərpa edilməsi İran iqtisadiyyatına ciddi zərbə endirib. İran hələ də müqavilənin tərəfləri olan Britaniya, Çin, Fransa, Almaniya və Rusiyanın vəd etdiyi iqtisadi faydaları görmədiyindən şikayət edir.

İran prezidenti Həsən Ruhani iki həftə bundan əvvəl iyul ayına qədər iqtisadi faydaları görmədiyi halda nüvə sazişindən qismən çıxacağını və uran zənginləşdirilməsi proqramının bəzi hissələrinin yenidən bərpa ediləcəyini bildirib.

XS
SM
MD
LG