Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Amerikanın Səsinə müsahibəsində valyuta bazarındakı durumdan danışıb.
Amerikanın Səsi: Yerli mediada Azərbaycan banklarında ABŞ dollarının nağd satışına limit tətbiq edildiyi barədə məlumatlar dərc edilib. Bu nə qədər realdır və limitin həddi nə qədərdir?
Möhtəkirliklə məşğul olan müştəri qrupları üçün mövcud olan məhdudiyyətdən söhbət gedir.
Zakir Nuriyev: Azərbaycan banklarında ABŞ dollarının satışı ilə əlaqədar hər hansı bir məhdudiyyət mövcud deyil. Məhdudiyyət yalnız və yalnız müştərini tanıma prinsipi əsasında nağdsız əməliyyatlar olan hissədədir. Yəni, burada qarşıdakı müştərinin möhtəkirliyi ehtimalı və ya hər hansı düzgün olmayan işlərlə məşğul ola biləcək müştəri qrupları nəzərdə tutulur. Möhtəkirliklə məşğul olan müştəri qrupları üçün mövcud olan məhdudiyyətdən söhbət gedir. Amma, adi bir vətəndaşın hər hansı bir şəkildə valyuta almasına və istənilən növ valyutanı alması, dəyişdirməsi və əməliyyatlar aparmasına heç bir məhdudiyyət mövcud deyil və belə məhdudiyyət yoxdur.
Amerikanın Səsi: Müştərinin möhtəkirliyi nə ilə müəyyən edilir?
Zakir Nuriyev: Bankların daxili qaydaları və çirkli pulların yuyulmasına qarşı qaydalar çərçivəsində aparılan mübarizə əsasında hər bir bank istənilən əməliyyatların aparılmasına, xüsusən də 20 min manatdan artıq əməliyyatların aparılmasında müştərini identifikasiya etməlidir.
Amerikanın Səsi: ABŞ dollarına nisbətdə Rusiya rublu, Türkiyə lirəsi ucuzlaşıb. Azərbaycan manatının gələcək taleyi necə olacaq? Bununla bağlı proqnozlarınız necədir?
Bununla bağlı Mərkəzi Bankın məlum bəyanatları var.
Zakir Nuriyev: Bildiyiniz kimi, bununla bağlı Mərkəzi Bankın məlum bəyanatları var. Həmin bəyanatlarda bir daha təsdiq olunmuşdur ki, Azərbaycan manatının dollara qarşı məzənnəsinin dəyişdirilməsi üzrə hər hansı bir fundamental əsaslar mövcud deyil. Bundan artıq şərh vermək istəməzdik.
Amerikanın Səsi: İranda, Türkiyədə, Rusiyada dolların həmin ölkələrin milli valyutalarına münasibətdə dəyişməsi Azərbaycanın daxili bazarına, o cümlədən daxili bazarda Azərbaycan manatına hansı təsirlər edə bilər?
Zakir Nuriyev: Bu proses artıq bir müddətdir davam edir. Ancaq onun Azərbaycan manatına bugünədək hər hansı təsiri mövcud deyil.
Amerikanın Səsi: Yaxın zamanda Azərbaycan manatının ABŞ dollarına nisbətdə kursunda dəyişiklik ola bilərmi? Proqnozunuz necədir?
Zakir Nuriyev: Bayaq dediyim kimi, biz burada yalnız Mərkəzi Bankın verdiyi bəyanatlara istinad edərək bildiririk ki, hələ ki, belə bir fundamental əsaslar mövcud deyil.