Accessibility links

Gürcüstan və Azərbaycan Türkiyə ilə hərbi əməkdaşlığı gücləndirir


Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Azərbaycanın müdafiə naziri Zakir Həsənov
Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Azərbaycanın müdafiə naziri Zakir Həsənov

Azərbaycan müdafiə naziri Gürcüstanda danışıqlar aparır

Mayın 29-da Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənovun Gürcüstana iki günlük rəsmi səfəri başlayıb.

Bu gün iki ölkənin müdafiə nazirlərinin görüşü keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində və ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

Sonra nazir Zakir Həsənov Tbilisi şəhərindəki Qəhrəmanlar Meydanında Gürcüstan dövlətinin azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçmiş qəhrəmanların xatirəsinə ucaldılmış abidə önünə əklil qoyub.

Turan agentliyinin məlumatın görə isə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Tbilisidə Azərbaycanlı həmkarı Zakir Həsənovla birgə brifinqdə bildirib ki, Azərbaycan və Gürcüstan Türkiyə-Azərbaycan-Gürcüstan formatında əməkdaşlığa xüsusi diqqət yetirir.

“Bu əməkdaşlıq silahlı qüvvələrimizin güclənməsinə və regionda təhlükəsizliyin təmin edilməsinə xidmət edəcək. Artıq boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi məsələsində üç ölkənin uğurlu nümunəsi var. Bu münasibətlər intensivləşdiriləcək”, deyə Alasaniya vurğulayıb.

O, həmçinin ikitərəfli hərbi əməkdaşlığa diqqət çəkərək, Gürcüstan və Azərbaycan arasında bu əməkdaşlığın uğurlu nümunəsi olduğunu və bunun gələcəkdə də davam etdiriləcəyini bildirib.

Öz növbəsində Zakir Həsənov Gürcüstan-Azərbaycan əməkdaşlığının səviyyəsindən məmnun olduğunu qeyd edib və əməkdaşlığın daha yüksək səviyyədə davam etdiriləcəyinə ümid etdiyini bildirib.

“Biz bu əməkdaşlığın dərinləşdiriləcəyinə ümid edirik”, deyə o qeyd edib.
XS
SM
MD
LG