Accessibility links

ABŞ-ın Əfqanıstan üzrə nümayəndəsi Zalmay Xəlilzad istefa verib


ABŞ-ın Əfqanıstan üzrə yüksək səviyyəli elçisi Zalmay Xəlilzad ABŞ-ın Əfqanıstandan xaotik şəkildə çəkilməsindən iki aydan az bir müddət sonra vəzifəsindən istefa verib.

ABŞ Dövlət katibi Antoni Blinken bazar ertəsi axşam verdiyi açıqlamasında Xəlilzadın istefa verdiyini və onu müavini Tomas Uestin əvəz edəcəyini bildirib.

Blinken "Onilliklər boyunca Amerika xalqına xidmət etdiyi üçün ona minnətdarlığımı bildirirəm" deyib.

Xəlilzad son üç ildə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi idi. O, həm Prezident Co Bayden, həm də keçmiş Prezident Donald Trampın dövründə xidmət edib.

Keçmiş Prezident Corc Buş dövründə o, Birləşmiş Millətlər Təşkilatında, İraq və Əfqanıstanda ABŞ səfiri vəzifəsində çalışıb.

Əfqanıstanda anadan olan Xəlilzad 2018 -ci ildən başlayaraq Taliban və Əfqanıstan hökuməti ilə danışıqlara rəhbərlik etdiyi üçün tənqidlərlə üzləşib.

Hər iki tərəfin iştirakı olan bir hökumət qura bilməsə də, 2020-ci ilin fevralında Talibanla ABŞ arasında razılaşma əldə edə bilib və ABŞ ordusunun Əfqanıstandan çıxarılmasına səbəb olub.

ABŞ qüvvələri bu il ölkəni tərk etdikdən sonra Taliban Əfqanıstanın bütün şəhərlərini sürətlə ələ keçirib və bu da avqust ayında ABŞ-ın dəstəklədiyi Kabildə hökumətin süqutuna səbəb olub.

ABŞ-ın hərbi əməliyyatlarının son günlərində Talibanın ölkənin nəzarətini sürətlə ələ keçirməsi ABŞ-a yardım edən yüzlərlə amerikalının və minlərlə əfqanın Əfqanıstandan xaotik bir şəkildə çıxarılmasına səbəb olub.

XS
SM
MD
LG