Accessibility links

Zaqatalada 3 nəfərin ölümü ilə nəticələnən silahlı insident (yenilənib)


Silahlı adam
Silahlı adam

Daxili İşlər Nazirliyi hadisə ilə bağlə məlumat yayıb

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Zaqatalada baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, noyabrın 24-də Zaqatala rayonu Yuxarı Tala kəndinin ərazisində “VAZ-2107” markalı avtomobili idarə edən naməlum şəxs Balakən rayon sakini Vüsal Əliqayevin idarə etdiyi “Hyundai” markalı avtomobilin istiqamətində avtomat silahdan atəş açıb.

V.Əliqayevin sərnişinləri - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov aldıqları güllə yarasından hadisə yerində ölüb, özü isə xəsarət alıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Balakən rayon sakini Samir Osmanov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.

Polis və prokuroqluq orqanları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin tapılıb-tutulması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri aparılır.

***

Noyabrın 24-də Zaqatala rayonu ərazisində Yuxarı Tala kəndi (Bakıdan 430 kilometr şimal-qərb) yaxınlığında avtomobil yolunda bir minik avtomobilindən digərinə odlu silahdan atəş açılıb. Avtomobildə olan 4 nəfərdən 3-ü güllə yarasından ölüb. Dördüncü şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120,2.7 (iki və daha çox şəxsin qəsdən öldürülməsi), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Zaqatala rayon prokurorluğundan Amerikanın Səsinə bildiriblər ki, hazırda hadisə yerində araşdırmalar davam edir. İstintaq sirri olduğundan hadisənin motivi, iştirakçıları barədə məlumat verilməyib.

Amerikanın Səsinə yerli mənbələrdən məlum olub ki, hadisə yerində yerli orqanlarla yanaşı mərkəzi strukturların mütəxəssisləri də çalışır.

Yerli mənbələr deyib ki, silahlı insidentdə iştirak edənlərdən biri Rusiyadan rayona toy şənliyində iştirak etmək üçün gəlibmiş.

Müşahidəçilər güman edir ki, bu Rusiyada qruplaşmalar arasında olan mübahisənin Azərbaycanda davamı ola bilər. Mübahisənin daha çox qanunsuz narkoticarətlə bağlı olduğunu güman edirlər
.
Rəsmi orqanlar hadisə ilə bağlı məlumat vermir.
XS
SM
MD
LG