Accessibility links

Zaur Şiriyev: Son toqquşmaların danışıqlar prosesinə uzunmüddətli təsiri olacaq


Zaur Şiriyev: Son toqquşmaların danışıqlar prosesinə uzunmüddətli təsiri olacaq
please wait

No media source currently available

0:00 0:15:27 0:00

Azərbaycan-Ermənistan beynəlxalq sərhədi boyu toqquşmalar tərəflər arasında 2016-cı il aprel döyüşlərindən sonra ən ciddi gərginliklər hesab edilir. Rəsmi məlumatlara görə, iyulun 12-də başlamış silahlı qarşıdurma nəticəsində hər iki tərəfdən ölənlər və yaralananlar var. Region üzrə ekspertlər son gərginliklərin iki ölkə arasında sülh perspektivlərinə uzunmüddətli təsiri ola biləcəyini bildirir, eyni zamanda diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayır. Beynəlxalq Böhran Qrupunun eksperti Zaur Şiriyev Amerikanın Səsinə müsahibədə Azərbaycan-Ermənistan sərhədində son gərginliklər, beynəlxalq ictimaiyyətin reaksiyaları və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində diplomatik səylərdən danışıb.

ABŞ, Avropa İttifaqı, BMT, Minsk Qrupunun həmsədrləri verdikləri bəyanatda gərginliyin artırılmasına yol verməməyə, atəşkəsə dərhal əməl etməyə və sülh danışıqlarının bərpa edilməsi istiqamətində addım atmağa çağırıb. Zaur Şiriyev son toqquşmaların "2018-ci ildə Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında görüşdə razılaşdırılan kommunikasiya kanallarının yaranmasından sonra" danışıqlar prosesi üçün ən ciddi təhlükə olduğunu deyib. O, tərəflər arasında beynəlxalq sərhəddə baş verən silahlı qarşıdurmanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Azərbaycan və Ermənistan arasında danışıqlara ciddi təsiri olacağını qeyd edib.

Amerika Birləşmiş Ştatları Ki Vest danışıqlarında rol oynamışdı. Rusiyanın rolu var idi, Rambuyedə 2006-cı il danışıqlarında Fransanın rolu var idi.

“Birinci zərbə odur ki, Azərbaycan və Ermənistan arasında yaradılan həmin kommunikasiya kanalları, birbaşa kommunikasiya kanalı işləkliyini itirəcək, əhəmiyyətini itirir. Çünki bu, bəlkə son iki il ərzində həm tələfatların azalması, həm atəşkəs rejiminin qorunması üçün ən effektiv vsitələrdən biri idi. İkincisi isə 2018-ci ildə Ermənistanda baş nazir, yeni hökumət dəyişikliyindən sonra, yeni baş nazirin gəlməsindən sonra yaranan ümidlərin və ümumiyyətlə Ermənistandakı danışıqlarda dönüş yaradacağı fikrinin birbaşa alt-üst olması deməkdir.”

ATƏT-in Minsk Qrupunun həmsədrləri açıqladıqları bəyanatda tərəfləri "eskalasiyanın qarşısını almaq üçün bütün mümkün tədbirlər görməyə, o cümlədən mövcud birbaşa kommunikasiya kanallarından istifadə etməyə, tez bir zamanda danışıqları bərpa etməyə" çağırıblar. Zaur Şiriyev Minsk Qrupunun fəaliyyəti ilə bağlı tənqidlərə toxunaraq, həmsədrlərin regiona səfərinin “atəşkəsin əldə olunması və danışıqlar prosesinə yenidən qayıdılmasında hansısa bir dönüş” yarada biləcəyini düşündüyünü deyib.

“Daha optimal variant o ola bilərdi ki, Minsk Qrupunun həmsədrləri regiona səfər eləməlidirlər pandemiyaya baxmayaraq. Bəlkə bu, danışıqlarda və atəşkəsin əldə olunmasında dönüş yarada bilər.”

Onun fikrincə, Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin daha aktiv rolu münaqişənin nizamlanması istiqamətində qrupun fəaliyyətinin effektivliliyini təmin edə bilərdi.

Toqquşmalar ən çox mülki əhaliyə təsir göstərir, mülki əhalinin həyatına təsir göstərir. Nəzərə alsaq ki, həm pandemiya var və həm də hazırda kənd təsərrüfatı sezonudur.

“Həmsədrlərin hər hansı bir ölkəsinin liderinin daha çox müdaxiləsini görmək bəlkə ən effektiv rol ola bilərdi. Amerika Birləşmiş Ştatları Ki Vest danışıqlarında rol oynamışdı. Rusiyanın rolu var idi, Rambuyedə 2006-cı il danışıqlarında Fransanın rolu var idi. Minsk Qrupunun həmsədr ölkələrinin üzv dövlətlərinin rəhbərlərinin prezident səviyyəsində aktiv fəaliyyəti Minsk Qrupunun həmsədrlik institutunun daha effektiv olmasını təmin edə bilərdi.”

Azərbaycan Müdafiə Nazirliyi iyulun 14-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuz rayonunun Dondar Quşçu, Əlibəyli və Ağdam kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutduğunu bildirib. Ermənistan tərəfi isə Azərbaycan qüvvələrini Tavuş vilayəti və Berd qəsəbəsində mülki əhalini hədəf almaqda günahlandırıb.

Zaur Şiriyev son silahlı toqquşmaların sərhəd bölgəsində yaşayan mülki əhaliyə təsirlərini xüsusi qeyd edib və mülki əhalinin müdafiəsi üçün tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

“Nəzərə almaq lazımdır ki, toqquşmalar ən çox mülki əhaliyə təsir göstərir, mülki əhalinin həyatına təsir göstərir. Nəzərə alsaq ki, həm pandemiya var və həm də hazırda kənd təsərrüfatı sezonudur, xüsusilə beynəlxalq sərhədlərdə. Bəzən bu, insanların tək maliyyə qaynağıdır. Pandemiya onsuz da bunların həyatına təsir göstərib, su qıtlığı təsir göstərib və bu toqquşmalar da əlavə olaraq yük oldu.”

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində iyulun 12-dən başlayaraq silahlı qarşıdurma baş verib. Rəsmi məlumatlara görə, Azərbaycanın 12 hərbi qulluqçusu, 1 mülki şəxsi, Ermənistanın 4 hərbi qulluqçusu həlak olub. Hər iki tərəfdə yaralıların olduğu haqda məlumat verilib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Şərhlərə bax

XS
SM
MD
LG