Accessibility links

Zaur Qurbanlı: Cəmiyyət hüquqları uğrunda ardıcıl mübarizə aparmır


Zaur Qurbanlı

Hüquqşünasın Amerikanın Səsinə müsahibəsi

Hüquqşünas Zaur Qurbanlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda insan hüquqlarının mövcud durumundan danışıb.

Amerikanın Səsi: Azərbaycan hökuməti vətəndaşların bütün konstitusion azadlıq və hüquqlarının tam təmin edildiyini bildirir. İnsan hüquqları sahəsində real durum ölkənin beynəlxalq öhdəliklərinə nə qədər cavab verir?

Zaur Qurbanlı: Təəssüf ki, beynəlxalq öhdəliklərə cavab vermir. Çünki bizim Avropa Şurası qarşısında, onun tərkib hissəsi olan Avropa Məhkəməsi qarşısında, eləcə də BMT və onun tərkib hissələri qarşısında öhdəliklərimiz var. Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinə, Avropa Konvensiyasına (Avropa İnsan Hüquqları Konvensiyası nəzərdə tutulur-red) əməl etmək öhdəliyimiz var. Təəssüf ki, bunun əksəriyyətinə əməl olunmur. İnsan hüquqları gündəlik olaraq pozulur. Bu hesabatlarda da vurğulanır. Azərbaycan hökuməti bunu danmaqla imitasiya arasında bir yol tutur və bu hal hələ ki, belə davam edir.

Zaur Qurbanlı: Cəmiyyət hüquqları uğrunda ardıcıl mübarizə aparmır
please wait

No media source currently available

0:00 0:08:30 0:00

Amerikanın Səsi: Eyni zamanda rəsmi Bakı siyasi məhbusların olmadığını, insanların düşüncələrinə, siyasi baxışlarına görə təqib edilmədiyini, media, toplaşmaq azadlığının təmin edildiyini bildirir. Müxalifət, həmçinin hüquq müdafiə təşkilatları isə azadlıqların təmin edilməməsi iddiası ilə çıxış edir. Sizcə, bu sahədə ortaq xətt haradan keçir?

192 dövlət haqqında hesabat hazırlayan Amnesty İnternatinal Təşkilatı haqqında məlumat yayırlar ki, bunlar ermənilərə ilşəyirlər. Bir az anlayışı olan adama gülməli gəlir.

Zaur Qurbanlı: Müxalifətlə hökumətin dedikləri arasındakı ortaq xətti qırağa qoyaq, çünki bu artıq siyasi məsələdir, hər kəsin öz mənafeyinə cavab verən mövqeyi var. Amma hüquq müdafiəçilərinin dedikləri ilə hökumətin açıqlamaları arasındakı ortaq xətti isə axtarmağa dəyməz. Çünki dediyim kimi, hüquq və azadlıqlar qorunmur. Hüquq müdafiə təşkilatlarının vəzifəsi qorunmayan hüquq və azadlıqlar barədə hesabatların hazırlanıb təqdim olunmasıdır. Dünyaca nüfuzlu təşkilatlar var, - Amnesty İnternational, Human Rights Watch və başqaları. Bunların hesabatları o qədər ciddidir ki, bunu hətta böyük dövlətlər də ciddiyə alırlar, bəzən qanunvericiliklərində dəyişikliklər edirlər, ya da lokal aktlarla problemləri aradan qaldırmağa çalışırlar. Azərbaycan bunları danır. Məsələn, 192 dövlət haqqında hesabat hazırlayan Amnesty İnternatinal Təşkilatı haqqında məlumat yayırlar ki, bunlar ermənilərə ilşəyirlər. Bir az anlayışı olan adama gülməli gəlir. Çünki Ermənistan kimi balaca dövlət o böyüklükdə təşkilata təsir edə bilməz və təbii ki, sübut da yoxdur. Yəni, bunlar arasında orta xətt axtarmazdım. Amma siyasi tərəfdən hökumətlə müxalifət arasında ortaq xətt oradan keçə bilər ki, biz müxalifətin özünün də dediyi kimi Şimali Koreya, Türkmənistan, Özbəkistan deyilik. Amma biz həmin dövlətlərlə birlikdə mətbuat azadlığının, bəzi digər hüquqların ən çox pozulduğu 12 ölkə arasındayıq, qara siyahıdayıq. Sadəcə orada bəzi cüzi təmin olunan hüquq və azadlıqlar misal çəkilə bilər ki, bunlar da, mən fikirləşirəm ki, Avropa Şurasında “kürü diplomatiyası”nın hədəfi olan deputatların, belə deyək, nüfuzlarının xilas olunması üçün aparılan imitasiya siyasətidir. Tutaq ki, bəzən, haradasa qapalı şəraitdə mitinq keçirməyə icazə verirlər. Avropa Şurasında həmin deputatlar hökuməti müdafiə edəndə dili uzun olur ki, bunlar toplaşmaq azadlığını təmin edirlər, yaxud, başqa hansısa bir imitativ tədbirdən söhbət gedir. Yəni, bu, imitativ tədbirlər nəticəsində görsənir ki, sanki Azərbaycan hökuməti hansısa hüquqları təmin edir.

Amerikanın Səsi: İnsanların hüquqlarının müdafiəsi baxımından ictimaiyyətin, o cümlədən gənclərin rolu barədə nə deyə bilərsiniz? İctimaiyyət, həmçinin gənc nəsil bu sahədə durumun irəli aparılması üçün hökumətə təsir etmək imkanına malikdirmi və ya hökumət bunu istəyirmi?

Bu sistem daxilində Harvardı da qurtarsan xeyri yoxdur. Axırda bu sistemə qulluq etməli olacaqsan. Yəni, sistem elədir ki, gənclərin enerjisindən istifadə olunmur.

Zaur Qurbanlı: Gənclərin rolu çox aşağıdır. Məsələn, hal-hazırda bir neçə gənc vəzifəyə təyin olunub. Vəzifəyə təyin olunan gənclərdən, bəlkə kimlərinsə gözləntisi var idi, məşhur universitetləri qurtaranlar var idi. Amma onlar sonradan bəzi açılqamaları ilə, - nazir vəzifəsi siyasi vəzifədir, - amma onlar özlərinə lazım olmayan sahədə siyasətə qarışmaqla, kimisə qaralama kampaniyasında istifadə olunmaqla, artıq göstərdilər ki, bu sistem daxilində Harvardı da (Harvard Universiteti-red.) qurtarsan xeyri yoxdur. Axırda bu sistemə qulluq etməli olacaqsan. Yəni, sistem elədir ki, gənclərin enerjisindən istifadə olunmur. Çünki gənclik etiraz, inkişaf, dəyişiklik deməkldir. Bu da bizim hökumətə sərf etmir. Yəni, 26 il hakimiyyətdə qalmış eyni rejimə dəyişiklik təbii ki, sərf etməz. Ona görə gənclər çıxdaş olunub, ofsayd vəziyyətinə salınıb. Biz əsasən qocalar tərfindən idarə olunuruq. Məmurların orta yaşı, nazirlərin orta yaşı 50-60-dan aşağı düşmür. Bu baxımdan gənclər çıxdaş olunub. Amma təsir edə bilərmi? Təbii ki, gənclər enerjidir. Mən düşünürəm ki, hansısa siyasətçi onları istiqamətləndirməlidir ki, onlar öz enerjilərinin nə olduğunu başa düşsünlər, təşkilatlansınlar. Təbii ki, bir təşkilatda yox, müxtəlif təşkilatlarda, peşə birliklərində, tələbə təşkilatlarında, gənclər təşkilatı adlı birliklərdə birləşərək öz hüquqlarını müdafiə edə bilsinlər. Hökumətin istəməsi ilə bağlı hissəyə gələndə, əlbəttə ki, hökumət istəmir. Hökumət gənclərin, belə deyək, Prezident Administasiyasında Əli Həsənovun (Azərbaycan prezidentinin köməkçisi-red.) bir fikri var, yəqin ki, unudulub, təxminən on il qabaq ona sual verilmişdi ki, əhali ölkəni tərk edir. O da demişdi ki, bizə bir milyon nəfər bəsdir. Yəni, onlara bəs olan təbii ki, gənclər deyil. Onlara bəs olan qoca nəsil, müti insanlar, heç nəyə etiraz etməyən insanlardır. Sadəcə neftin, belə deyək, korrupsiyanın artıq qalan bir hissəsi ilə qidalanmağa etiraz etməyən insanlar onlara bəsdir. Ona görə də gənclərin ölkədən çıxıb getməsinə də, belə demək mümkündürsə, şərait yaradılıb. Daha çox axına şərait yaradılıb. Yəni, onlar qətiyyən bizimkilərin prosesə qoşulmasını istəmir.

Amerikanın Səsi: Bəs, insanlar necə, öz hüquqlarının müdafiəsi uğrunda nə dərəcədə ardıcıl faəliyyət göstərir?

Sadəcə kütlə çıxır, etiraz edir. Dərhal aksiyanı dağıdırlar, tuturlar. Yəni ardıcıl bir mübarizə yoxdur.

Zaur Qurbanlı: Bütöv cəmiyyət üçün baxsaq, qətiyyən ardıcıl fəaliyyət görsənmir. Belə, reaktiv situasiyalar var. Hansısa bir hadisə baş verir, cəmiyyət ona reaksiya verir. Məsələn, Quba hadisələri kimi (2012-ci il martın 1-də Qubada kütləvi etiraz-red.), İsmayıllı hadisələri (2013-cü il yanvarın 23-də İsmayıllıda kütləvi etiraz-red.) kimi, ortada söyüş olur, yaxud da kütlə özünü təhqir olunmuş hiss edir. Belə düşünülür ki, insanlar öz hüquqlarının müdafiəsi üçün çıxırlar. Təbii ki, bir maddi qazancları yoxdur, buna görə tutulurlar. Vaxtı ilə Binə hadisələri (2013-cü ilin yanvarında Binə bazarında etirazlar-red.) olmuşdu. Amma bu, ardıcıl deyil, sistemləşdirilmiş deyil. Sadəcə kütlə çıxır, etiraz edir. Dərhal aksiyanı dağıdırlar, tuturlar. Yəni ardıcıl bir mübarizə yoxdur. Məsələn, bizdə mütəmadi hesabatlar çıxır ki, insanlar polis idarələrində, yaxud başqa istintaq idarələrində işgəncələrə məruz qalır. Yaxud mütəmadi hesabatlar var ki, polisin yenə zorakılığına qarşı, korrupsiya ilə bağlı. Korrupsiya çox yüksək səviyyədədir. İnsanlar çox yaxşı bilirlər ki, bu onların hüquqlarının pozuntususdur. Məsələn, səhiyyədə, təhsildə vəziyyətin bərbad olması. Bilirlər, bu hüquqların pozuntusudur. Ona qarşı o vaxt mübarizə aparırlar ki, onların özləri və yaxud övladları kəskin bir duruma düşsünlər. Məsələn, kiminsə uşağı məktəbdə özünü öldürsün, onda valideyn etiraz edir. Yaxud səhiyyədə kiminsə yaxını, ya da özü əlil olsun, yaxud bir yaxını öldürülsün, ondan sonra etiraz başlayır. Bu ardıcıl mübarizə deyil. Amma belə reaktiv mübarizə var.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz? İlkin olaraq hansı addımlar atılmalıdır ki, irəliyə doğru inkişaf olsun?

Təşkilatlanmadan bu şərait altında etirazın ciddi dəyişikliklə nəticələcəyinə inamım yoxdur.

Zaur Qurbanlı: Hesab edirəm ki, vəziyyətdən çıxış yolu demokratiyadır. Dərdimizin dərmanı demokratiyadır. Əgər seçki olsa, mən inanıram ki, çox halda layiqli adamlar seçilə biləcək. Müətmadi seçki qorxusu altında fəaliyyət göstərən hakimiyyət nümayəndələri öz vəzifə borclarını yerinə yetirməyə məcbur olacaq. Bu, demokratiyanın klassik nəzəriyyəsidir. Amma bu qədər köklü dəyişiklik mümkün deyilsə, bu sistem, rejim altında nə etmək olar? Düşünürəm ki, maarifləndirməni davam etdirmək lazımdır. Eləcə də bizim hökumətin, öz ticari maraqlarına görə çəkindiyi qərb institutları ilə işləmək lazımdır. Yəni bizimkilərin ticarəti istər-istəməz qərblədir. Avropa Birliyi dövlətləri ilə ticarət dövriyyəsi 50 faizdən çoxdur. Onlarla, onların vətəndaş cəmiyyətləri ilə işləmək lazımdır. Onlarda demokratiya olmasından, belə deyək, biz sui-istifadə etməliyik. Onların qeyri hökumət təşkilatları, vətəndaş cəmiyyətlərini öz hökumətlərini Azərbaycanla insan hüquqlarını pozan iş birliyindən çəkindirməyə çalışmalıyıq. Başqa bir üsul görmürəm. Çünki ölkə daxilində xalqın etirazınlın hazırda, bu şərait altında, təşkilatlanmadan, bayaq dediyim kimi, başı pozuq səviyyədə etirazın ciddi dəyişikliklə nəticələcəyinə inamım yoxdur.

XS
SM
MD
LG