Accessibility links

Şəbistərdə güneyli alim Zehtabinin xatirəsi anılıb


Məhəmməd Tağı Zehtabi (1923-1998) - Güneyli alim
Məhəmməd Tağı Zehtabi (1923-1998) - Güneyli alim

Professor Məhəmməd Tağı Zehtabinin vəfatının 19-cu ildönümüdür

Bir qrup türk fəal Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində ölümünün 19-cu ildönümündə tanınmış güneyli alim və milli fəal professor Məmməd Tağı Zehtabinin məzarı önündə anım mərasimi keçiriblər.

Güney Azərbaycan Televiziyası (Günaz TV)-nın məlumatı və Youtube kanalında yayımlanan videolara istinadən, anma mərasimində mərhum Zehtabi haqqında nitqlər söylənmiş və cəmiyyət tərəfindən milli himnlər oxunmuşdur.

M.T. Zehtabinin məzarı - Şəbistər, İran Azərbaycanı
M.T. Zehtabinin məzarı - Şəbistər, İran Azərbaycanı

Tarixçi, şair və pedaqoq, eləcə də məşhur “İran Türklərinin Əski Tarixi” kitabının müəllifi Məhəmməd Tağı Zehtabi 1998-ci ilin dekabrında 75 yaşında Təbriz yaxınlığındakı Şəbistər şəhərində evində ölmüş halda tapılmışdı.

Bəzi güneyli qruplar onun ölümünün təbii olmadığı və qətlə yetirildiyini irəli sürürlər. Mərhum Zehtabinin adı İslam Respublikasına müxalif qrupların yayımladığı şübhəli ölümlər və siyasi qətllər siyahısında da dərc edilib.

Professor Zehtabi 1945-46-ci illərdə Azərbaycan Milli Hökümətini təsis edən Demokrat Firqəsinin üzvü olub. O həmin hökümət devrildikdən sonra, yüzlərlə digər üzvlə bərabər sovet Azərbaycanına mühacirət edib. Öz yazdıqlarına görə, sonralar Sovet İttifaqının müxtəlif bölgələrində sürgün həyatı yaşayıb.

İran Türklərinin Əski Tarixi, Məhəmməd Tağı Zehtabi
İran Türklərinin Əski Tarixi, Məhəmməd Tağı Zehtabi

Şeir, tarix və türk dilinin qrammatikası mövzularında bir çox kitabın müəllifi olan alimin “İran Türklərinin Əski Tarixi” kitabinin nəşri İran Azərbaycanında xüsusi rəğbətlə qarşılanıb. Milli fəallar həmin kitabın yayımlanmasını güneydəki milli hərəkat tarixində önəmli bir hadisə kimi dəyərləndirirlər.

Məhəmməd Tağı Zehtabinin şeirləri də İran Azərbaycanının mədəni-ədəbi irsinin bir hissəsini təşkil edir. İran Azərbaycanında və eləcə də Tehranda yaşayan çox sayda Azərbaycan türkü onun “Sən osan, mən də buyam!” şeirini əzbərləyib, uşaqlarına öyrədir:

Su deyibdir mənə əvvəldə anam, ab ki yoх,
Yuхu öyrətdi uşaqlıqda mənə, хab ki yoх.
İlk dəfə ki, çörək verdi mənə, nan demədi,
Əzəlində mənə duzdanə, nəməkdan demədi.

...

O deməzdi ki, biya şane zənəm bər səri tu,
Gər nəyayi bezənəm şane səri хahəri tu.
Bəli, daş yağsa da göydən, sən osan, mən də buyam,
Var sənin başqa anan, vardı mənim başqa anam.

XS
SM
MD
LG