Accessibility links

Yeni Zelandiyada 150 min inək tələf ediləcək


Yeni Zelandiyada xəstəlik yayan bakteriyanın kökünü kəsmək üçün 150 min inək tələf ediləcək.

“The Associated Press” agentliyi ölkə rəsmilərinin planı bu gün açıqladığını bildirib. Rəsmilər bunun yüz milyonlarla dollara başa gələcəyini, ancaq ölkənin ilk dəfə olaraq mikoplazma bakteriyasının kökünü kəsəcəyini deyir.

Fermer təsərrüfatları Yeni Zelandiya iqtisadiyyatının əsasını təşkil edir. Ötən iyulda ölkədə ilk dəfə mikoplazma infeksiyası aşkarlanıb. İndiyədək Avropada və Birləşmiş Ştatlarda tapılmış bu bakteriya inəklərdə əmcək xəstəliyi, pnevmoniya, oynaq və digər xəstəliklərə yol açır. Bütün bunlar ərzaq təhlükəsizliyini hədələməsə də, fermalarda istehsal itkisinə səbəb olur.

Rəsmilər bakteriyanın aşkarlandığı təsərrüfatlarda inəklərin hamısının tələf ediləcəyini bildirib. Hətta sağlam sayılan bəzi heyvanlar belə öldürüləcək. Onlar bəzi inəklərin emal zavodlarında kəsilib əti satışa çıxarılacağını, bəzilərinin isə tələf olunub təsdiqlənmiş ərazilərdə basdırılacağını deyib.

10 MİLYON İNƏK

Fermerlər müqavimət göstərsə belə, rəsmilərə zorla həmin təsərrüfata girib heyvanları tələf etməyə səlahiyyət verilib. Amma onlar bu səlahiyyətdən istifadə etməyə məcbur qalmayacaqlarına ümid edirlər.

Yeni Zelandiyada 10 milyon inək var, əhali sayından iki dəfə artıq. Onların üçdə ikisi süd verən, qalanları ətlik inəklərdir. Süd məhsulları ölkənin ən böyük ixrac məhsuludur, əsasən Çinə satılır və orada uşaq qidası kimi istifadə olunur.

Rəsmilər 38 təsərrüfatda mikoplazma bakteriyasının tapıldığını bildirir və bu rəqəmin azı 142 təsərrüfata yayılma ehtimalı var.

Son aylar 24 min inək tələf olunub, azı 128 minini də bu “tale gözləyir”.

On il ərzində bu proqramın 886 milyon Yeni Zelandiya dollarına (616 milyon ABŞ dolları) başa gələcəyi bildirilir.

XS
SM
MD
LG