Accessibility links

Zelenski Ukraynanın rusların iştirakı ilə sui-qəsdin qarşısını aldığını bildirir, Kreml hər hansı rolunu inkar edir


Ukrayna prezidenti Vladimir Zelenski cümə günü Ukraynanın gələn həftə onun hökumətini devirmək üçün Rusiyadan olan şəxslərin iştirakı ilə sui-qəsdin üstünü açdığını, deyib, lakin bunun arxasında Kremlin olduğuna inandığını söyləməkdən imtina edib.

Bir neçə saatlıq mətbuat konfransında danışan Zelenski deyib ki, Ukrayna kəşfiyyatı biznes maqnatı Rinat Axmetovu çevrilişdə iştiraka razı salmağa cəhd edən Rusiyadan olan şəxslər də daxil olmaqla, sui-qəsdçilərin səs yazılarını əldə edib.

"Dekabrın 1-də ölkəmizdə dövlət çevrilişi olacağı ilə bağlı məlumat aldım. Təkcə kəşfiyyat məlumatı deyil, bizdə Ukrayna və Rusiya nümayəndələrinin Rinat Axmetovun dövlət çevrilişində iştirakını müzakirə etdiyinə dair qeydlər var. İş adamını Ukraynaya qarşı müharibəyə sürükləyirlər. Mənim xalqıma, xalqın seçdiyi prezidentə qarşı döyüşmək üçün. Mən Axmetovu paylaşıla biləcək məlumatları dinləmək üçün Bankovaya (prezidentin ofisinə) dəvət edirəm" – deyə, Zelenski jurnalistlərə açıqlamasında qeyd edib.

Kreml çevriliş cəhdində iştirakını dərhal rədd edərək, belə aksiyalarda iştirak etmək niyyətində olmadığını bildirib. Ukraynanın ən zəngin adamı olan Axmetovun sözçüsü bununla bağlı şərh verməyib.

Zelenski özü telefon danışıqlarının Axmetov üçün “tələ” olduğunu hesab edir və qeyd edir ki, yazının özündə biznesmenin səsi yoxdur: orada yalnız onun soyadı oxunur.

Zelenski bu açıqlamaları Ukrayna ilə Rusiya arasında artan gərginlik fonunda verib. Gərginliklər Ukrayna ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında münaqişənin iki qonşu arasında açıq müharibəyə çevrilə biləcəyi ilə bağlı narahtlıqların artmasına səbəb olub.

Zelenski çevriliş planının bütün təfərrüatlarını açıqlamayıb. Kremlin bu işdə əli olduğuna inanıb-inanmadığı ilə bağlı sualın cavabında o, “bu barədə danışa bilmərəm” cavabını verib.

Lakin o, mətbuat konfransında Rusiyanın hərbi eskalasiyası təhlükəsindən ətraflı danışıb və Ukraynanın buna hazır olacağını bildirib.

Rinat Axmetov Forbes jurnalının açıqladığına görə ən zəngin ukraynalıdır (onun sərvəti 7,6 milyard dollar qiymətləndirilir). O, Mordoviyada anadan olub, lakin sonra valideynləri ilə birlikdə Donetskə köçüb. Əvvəllər o, Regionlar Partiyası və Viktor Yanukoviçlə sıx əlaqədə olsa da, 2014-cü il hadisələrində Donbassda rusiyayönlü nümayişlərə dəstək verməyib.

Bu günlərdə Axmetovla Zelenskinin ətrafı arasında münaqişə barədə məlumat yayılıb. Xüsusilə, Axmetovun media resurslarının müxalif siyasətçilərə dəstək verdiyi və prezidentin hərəkətlərini tənqid etdiyi iddia edilir.

Axmetovun tanışı, Rusiya prezidenti Vladimir Putinlə yaxın şəxsi əlaqələri olan ukraynalı siyasətçi Viktor Medvedçuk dövlətə xəyanətdə və terror təşkilatlarının fəaliyyətinə yardımda şübhəli bilinir.

İstintaqın məlumatına görə, o, 2014-cü ilin sonundan 2015-ci ilin əvvəlinə kimi qondarma “DPR” və “LPR”dən “kömür məhsullarının tədarükü üzrə cinayət sxemi”nin həyata keçirilməsində iştirak edib. Deputatın bu barədə Rusiya hakimiyyətinə məlumat verdiyi iddia edilir. İstintaq onun hərəkətlərinin Ukraynanın enerji müstəqilliyinə zərbə vurduğunu göstərir.

Medvedçuk başqa işlə əlaqədar olaraq bu ilin may ayından ev dustaqlığındadır. Mayın 11-də o və OPZZ fraksiyasının deputatı Taras Kozak ilhaq edilmiş Krımda dövlətə xəyanət və milli sərvətləri talamaq cəhdində şübhəli biliniblər.

XS
SM
MD
LG