Accessibility links

Zelenski xalqa müraciət edib: Biz evimizi yalnız birlikdə qoruya bilərik


Mətbuatın yazdığına görə, Ukrayna prezidenti Volodimir Zelenski “Rusiya təcavüzü”nə qarşı planlaşdırılan Birlik Günündə ölkəsinin vətəndaşlarına müraciət edib. Prezidentin videomüraciəti Ukrayna telekanalları tərəfindən yayımlanıb və onun stenoqramını UNIAN agentliyi dərc edir.

"Möhtəşəm ölkənin böyük insanları, sabahınız xeyir! Bu gün vacib bir gündür - hamımızın birlik günüdür. Müxtəlif yaşlardan, müxtəlif cinslərdən, müxtəlif şəhərlərdən, bölgələrdən, müxtəlif peşələrdən, müxtəlif istedadlar, müxtəlif biliklər, dillər, dinlərlə biz fərqliyik” - deyə, Zelenski bildirib.

Ukrayna Prezidenti qeyd edib ki, fikir ayrılıqlarına baxmayaraq, ukraynalıları “ümumi arzu birləşdirir: sülh şəraitində, xoşbəxt, uşaqlarla, valideynlərlə bir ailə kimi yaşamaq”.

"Və bizim bütün bunlara tam haqqımız var. Çünki biz evdəyik, Ukraynadayıq. Və heç kim vətənimizi bizim sevdiyimiz kimi sevməyəcək. Və başqa heç kim, yalnız biz birlikdə vətənimizi qoruya bilərik" – deyə, dövlət başçısı bildirib.

Sonda Zelenski bir daha vətəndaşlarını Birlik Günü münasibətilə təbrik edib və əlavə edib ki, “Şərq, Qərb, Cənub, Şimal yalnız birlikdə yaxşı səslənir, həm də güclü səslənir”.

Bundan əlavə, fevralın 16-da Cənub Hərbi Dairəsinin bölmələri yarımadada yerləşən poliqonlarda taktiki təlimlər başa çatdıqdan sonra ilhaq edilmiş Krımı tərk edib. Bu barədə “İnterfaks” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Hərbçilər və hərbi texnika, o cümlədən tanklar, piyadaların döyüş maşınları və artilleriya qurğuları dəmir yolu ilə daimi dislokasiya məntəqələrinə qayıdırlar. Hərbçilərin məlumatına görə, qoşunlar artıq Krım körpüsü ilə Kerç boğazını keçiblər.

XS
SM
MD
LG