Accessibility links

Zelenski Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqinə çağırıb


Ukrayna Prezidenti Volodimir Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqına Rusiyaya qarşı sanksiyaları daha da gücləndirməyə çağırıb. O, Rusiyanın ölkəsinə əsassız hərbi müdaxiləsi səbəbi ilə yeddinci sanksiyalar paketinin tətbiq edilməsini istəyib.

27 ölkədən ibarət Aİ keçən ayın sonunda Rusiya neftinin müəyyən hissəsinin idxalının qarşısını alan altıncı sanksiyalar paketi barədə razılığa gəlib. Lakin bu sanksiyalar paketində Macarıstanın boru kəməri ilə aldığı neft istisna edilib.

İyunun 15-də parlamentin hər iki palatasına videobağlantı vasitəsi ilə müraciət edən Zelenski bu günə qədər Ukraynaya göstərdiyi köməyə görə Çexiyaya təşəkkür edib. Lakin o eyni zamanda Qərbi, Ukraynaya dəstəyi dayandırmamağa çağırıb.

Zelenski onu alqışlayan çex deputatlara deyib ki, "Biz sizinləyik. Bizimlə olun".

Zelenski, həmçinin Aİ-ni Ukraynaya namizəd statusu verməyə çağırıb. Bu da bloka üzv olmaq üçün illərlə davam edən yolda ilk addımdır.

Prezident Zelenski Rusiyanın ərazi ambisiyaları barədə də xəbərdarlıq edib. O, prezident Vladimir Putinin təkcə Ukraynanın işğalı ilə kifayətlənməyəcəyini bildirib.

"Rusiyanın maraqları təkcə bizim Mariupol, Severodonetsk, Xarkiv və Kyivlə bitmir. Xeyr, onun ambisiyalarında Varşavadan Sofiyaya qədər geniş əraziyə yayılmağı var" deyən prezident əlavə edib ki, keçmişdə olduğu kimi, Rusiyanın Ukraynaya təcavüzü Rusiya rəhbərliyinin başqa ölkələrə, başqa xalqların fəthinə yol açmaq üçün lazım olan ilk addımdır. Hər şeyi ələ keçirmək istəyən insan heç vaxt istədiklərinin yalnız bir hissəsini almaqla kifayyətlənməyəcək".

Çexiya iyulun 1-dən etibarən Aİ-yə sədrlik edəcək.

XS
SM
MD
LG