Accessibility links

Zelenski Putinlə danışıqlara hazır olduğunu bildirib


Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü Kyiev şəhərində xalqa müraciət edir, 20 mart 2022-ci il. Video Ukrayna Prezidentinin Mətbuat Xidməti tərəfindən təqdim edilib.
Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü Kyiev şəhərində xalqa müraciət edir, 20 mart 2022-ci il. Video Ukrayna Prezidentinin Mətbuat Xidməti tərəfindən təqdim edilib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib, lakin razılaşmanın əldə edilməməsinin “üçüncü dünya müharibəsi demək olacağı” barədə xəbərdarlıq edib.

“Düşünürəm ki, danışıqlar olmadan biz bu müharibəni dayandıra bilməyəcəyik”, Zelenksi CNN tele kanalının müxbiri Farid Zakariya ilə bazar günü yayımlanan müsahibəsi zamanı bildirib.

Zelenski Moskva ilə Ukraynanın ərazi bütövlüyünü bərpa edəcək və ədaləti təmin edəcək hərtərəfli sülh danışıqlarına çağırıb.

Rusiyanın baş müzakirəçisi bildirib ki, son günlər tərəflər Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi və neytral statusu qəbul etməsi məsələsində razılığa yaxınlaşıb.

Zelenski CNN-ə müsahibədə Rusiya qüvvələrinin Ukraynaya “bizi məhv etmək, öldürmək üçün” daxil olduğunu deyib ki, lakin Ukraynanın suverenliyi və bütövlüyü məsələsində geri çəkilməyəcəyinə söz verib.

“Ruslar uşaqlarımızı öldürdü. Artıq vəziyyət geri qaytarıla bilməz. Ukraynadan bəzi ərazilərin müstəqil respublika kimi tanınması tələb edilə bilməz. Bu kompromislər sadəcə olaraq yanlışdır” - deyə, Zelenski bildirib.

Ukraynanın Mariupol liman şəhərində 400-ə yaxın insanın sığınacaq tapdığı incəsənət məktəbi Rusiya qüvvələri tərəfindən bombalanıb.

Mariupol şəhər şurası bazar günü bildirib ki, hücum zamanı bina dağılıb. Sağ qalanlar barədə dərhal məlumat verilməyib.

ABŞ müdafiə naziri Lloyd Austin CBS tele kanalına müsahibədə deyib ki, o, Rusiya qüvvələrinin hərbi “kampaniyasının irəliləmədiyi” üçün mülki əhaliyə qarşı bu dəhşətli hücumlara əl atdığını düşünür.

Bir neçə gün əvvəl Rusiya qüvvələrinin hava hücumu yüzlərlə insanın sığındığı teatrı hədəf alıb. Teatrın qarşısında içəridə olanlar barədə Rusiya qüvvələrini xəbərdar etmək məqsədilə havadan görünən yerdə böyük hərflərlə rus dilində “UŞAQLAR” sözü yazılmışdı.

100-dən çox insan teatrdan xilas edilib. Hücum nəticəsində nə qədər insanın xəsarət aldığı və öldüyü hələ də məlum deyil.

Mariupol şəhər şurasının Telegram kanalında yaydığı bəyanata görə, minlərlə Mariupol sakini evlərindən zorla çıxarılaraq Rusiya ərazisinə aparılıb.

XS
SM
MD
LG