Accessibility links

Zelenski Kupyansk rayonunda döyüş mövqelərinə baş çəkib


Ukrayna prezidenti Volodimir Zelenski cəbhə xəttinin şimal-şərq hissəsinə baş çəkib və hərbi qulluqçularla görüşüb.

Bu barədə bazar ertəsi Ukrayna prezidentinin ofisi məlumat yayıb.

Məlumata görə, Zelenski payızın ortalarından Rusiyanın intensiv hücumlarına məruz qalan Kupyanskı müdafiə edən briqadanın komanda məntəqəsində olub.

Şəhər 2022-ci ildə Ukrayna qoşunları tərəfindən azad edilsə də Kyiv Moskvanın Ukraynanın ikinci böyük şəhəri olan Xarkiv yaxınlığındakı Kupyansk üzərində nəzarəti bərpa etmək fikrindən əl çəkmədiyini deyir.

Zelenski briqada komandiri ilə sektorun texnika və sursatla təchizatını müzakirə edib. O həmçinin şəhərin müdafiəçilərinə mükafatlar təqdim edib.

Ukrayna həftə sonu mühasirəyə düşməmək üçün qoşunlarını Avdiyivkadan çıxardığını bildirib.

Bu arada, Beynəlxalq Qırmızı Xaç Komitəsi ailələrinin xəbər almadığı 23 min nəfərin taleyinin müəyyənləşdirilməsi üzrə səy göstərdiyini bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin İtkin Şəxslər üzrə Mərkəzi Bürosunun rəhbəri Dusan Vuyaşanin təşkilatın ayrı düşmüş minlərlə insanın qohum və yaxınları ilə əlaqə saxlamasına və ya onların taleyi haqqında məlumat əldə etməsinə yardım etdiyini, lakin bir çoxunun yaxınlarının taleyi ilə bağlı hələ də məlumatı olmadığını bildirib.

Forum

XS
SM
MD
LG